"Neftçi"də rəhbərliyin dəyişmə ənənəsi davam edir.
Belə ki, “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdı.
Əslində, uğursuz nəticələr fonunda bu ayrılıq gözlənilən idi. Lakin maraqlı məqam ondan ibarətdir ki, "Neftçi" rəhbərliyi çox tez-tez dəyişir.
Paytaxt təmsilçisi, demək olar ki, hər mövsümə fərqli rəhbərliyin idarəsində başlayır.
Rəhbərlik, baş məşqçi və futbolçular dəyişsə də, Bakı təmsilçisi uğursuz nəticələrdən xilas ola bilmir.
Maraqlıdır, "Neftçi"də niyə davamlı şəkildə rəhbərlik dəyişir?
Mövzu ilə bağlı “Sportinfo TV”nin aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “cebhe.info”ya açıqlamasında bildirib ki, "Neftçi" Azərbaycanın ən köklü və geniş azarkeş kütləsinə sahib klublarından biridir:
"Amma uğursuz və naşı idarəçilik fonunda nəticələr istənilən səviyyədə olmur. "Neftçi" hər mövsüm əzəli rəqibi "Qarabağ"a biabırçı formada məğlub olur, həlledici qarşılaşmalarda istənilən oyunu və nəticəni göstərə bilmir.
Haqlı olaraq da azarkeşlərin, futbol ictimaiyyətinin, eləcə də medianın etirazı və təzyiqi ilə üzləşir".
Ekspert vurğulayıb ki, uğursuzluq həmişə klub rəhbərliyinin passivinə yazılır:
"Çünki baş məşqçi və futbolçu seçimi rəhbərliyə aiddir. Adətən baş məşqçinin istəyinə uyğun olaraq futbolçular transfer edilməlidir, amma Azərbaycanda, xüsusilə"Neftçi"də klub rəhbərliyi kimi istəsə, onu transfer edir.
Burada müəyyən maddi-maraqlar da güdülür. Bu fonda isə təbii ki, futbol olaraq istənilən nəticə ortaya qoyula bilmir.
Bu uğursuzluq davam etdiyi müddət ərzində də rəhbərlik dəyişməlidir. "Neftçi" uğurlu çıxış edənə qədər bu tendensiya davam edəcək.
Ona görə "Neftçi"də yenidən islahatlar başlamalıdır".

