Ayxan Abbasovla vidalaşan «Turan Tovuz» rəhbərliyi axtarış etməyə tələsmir.
Hazırda baş məşqçi postuna 3 namizəd var.
Qəfil ayrlığın şokunu yaşayan qərblilərin siyahısında kimləri görməkdəyik? Adları bizə məlumdur, başlayaq…
Siyahının başında «Kəpəz»dən Adil Şükürov gəlir. Ötən ilin payızında Gəncə təmsilçisinin sükanı arxasına keçən mütəxəssis yenidən Tovuza dönməyə həvəslidir.
Hər halda «Kəpəz»də sponsor/maliyyə problemləri var iddialı komanda qura bilməyəcəyi bəllidir. Üstəlik, o, İlqar Nadirinin sədri olduğu İdarə Heyətindən kəskin narazıdır.
Bir neçə il öncəyə kimi «Turan»da futbol akademiyasının baş koordinatoru olmuş Şükürov bura pis və yaxşı xatirələr bağlayır.
İkinci namizəd Tərlan Əhmədovdur. İki ildən artıqdır peşəsindən uzaq düşən Əhmədovun son iş yeri «Keşlə» (indiki «Şamaxı») olub.
Təkrar Premyer Liqada çalışmaq üçün əldən-ayaqdan gedən məşqçi bütün əlaqələrini işə salıb.
Daha bir alternativ Azər Bağırovdur. Martda «Araz-Naxçıvan»ı tərk edən Bağırovun da dünənində Tovuzda keçən günlər var.
Dörd il öncə «Turan»da işləmiş mütəxəssis klubun indiki sahibi Ehtiram Quliyevlə birbaşa münasibət qurmağı bacarıb.
İdarə Heyətinin sədri olan iş adamı hələ bir müddət öncə mobil telefon nömrəsini ona verib, tez-tez mesajlaşırlar.
SPORTİNFO.AZ

