“Neftçi”ni xilas etməyin yeganə yolu

30 May 2024 20:40 Neftçi 3 333
“Neftçi”ni xilas etməyin yeganə yolu

“Neftçi” problemlər məngənəsindən qurtula bilmir.

Və bu, illərdir gördüyümüz formada davam edir.

Ölkənin ən yaşlı klubunun əsas və yeganə problemi strukturla bağlıdır. “Neftçi”də idarəetmə düzgün qurulmadığından, komanda nəticə verə bilmir, uğursuzluqlar sıralanır.

Bu gün “Neftçi”də kimin qabağını kəsib mövcud durumun səbəbini soruşsan, eyni cavabı eşidəcəksən: “Vahid rəhbərin kim olduğunu bilmirik”.

Bir qrup şəxs Müşahidə Şurasında cəmlənib ki, onların söz demək səlahiyyəti çoxdur. Klubun prezidenti Fərrux Mahmudovdur ki, məntiqlə rəhbər o sayılır.

Bir də Yens Andersson, Zaur Əzizov, Kamil Məmmədovdan ibarət “üçlü” var. Onlar da hansısa dönəmlərdə əsas söz sahiblərinə çevrilir. Xüsusən isveçliyə geniş iş və cavabdehlik imkanları yaradılıb.

Sadıq Sadıqov dönəmi başa çatandan sonra Müşahidə Şurası yaradıldı. Uğursuzluq da məhz həmin dönəmdən bu yana, düz 10 ildir sıralanır. “Neftçi” üçün yeganə çıxış yolu bu sistemdən qurtulmaqdır.

Klub futboldan az-çox anlayışı olan bir nəfərin öhdəsinə verilməli, “ağ-qaralar”ın bütün məsuliyyəti o adamın üzərində olmalı, sponsora, azarkeşlərə, mətbuata hesabatı məhz həmin şəxs verməlidir. Başqa yol yoxdur, olmayacaq da.

Sabah şuranın başına başqası gətirilsə, Fərrux Mahmudovu bir başqa Mahmudov əvəzləsə, Andersson-Əzizov-Məmmədov tandemi digərləri ilə yenilənsə, yenə eyni şeylər yaşanacaq, milyonlar havaya sovrulacaq.

Hər halda gözləyək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!