COP29

"Neftçi"sevərlər üçün bundan XOŞ MÜJDƏ?

3 İyun 19:40 Neftçi 5 487
"Neftçi"sevərlər üçün bundan XOŞ MÜJDƏ?

Təxminən ötən ilin bu vaxtları "Neftçi"də şirin vədlər göydə uçuşurdu.

Çempionluqdan danışan kim, "Qarabağ" erasına son qoyacaqlarına vəd verən kim...

Bunun üçün əllərini çırmalayıb Adrian Mutudan 500 min təzminat haqqı ödənən Yuri Matiasa kimi onlarla legioner də bəh-bəhlə kluba dəvət olunmuşdu.

Elə ilk turlardanca hiss olundu ki, deyilənlər boş vəddən başqa bir şey deyilmiş.

Rəsmilər israrında davam edirdi. Qışda ikinci cəhd göz qamaşdırdı.

Bu dəfə Mutunu yola salan "futbol biliciləri" onu Miodraq Bojovuçlə əvəzlədi. Yanında da yenə bir neçə əcnəbi futbolçu.

İnsafən, pafosun dozası azaldıldı. Çempionluq arzusu suya düşən rəhbərlik bu dəfə Ölkə Kubokunu qazanmaq və mövsümü gümüş medalla başa vurmaq arzusu ilə yola davam etdi.

Kubok yarışında "Qarabağ"dan 8 qol buraxaraq yeganə titul şansını itirən bakılıların çempionatda da işi rəvan getmədi.

Bu qədər havaya sovrulan milyonların qarşılığında komanda mövsümü 5-ci pillədə tamamladı.

"Ağ qaralar" sevimli tərəfdarlarını məyus etmək üçün ağıllara gələn-gəlməyən hər şeyi etdi.

Amma düşünürəm ki, bu yerə görə "Neftçi" azarkeşləri məyus olmaq əvəzinə sevinməlidir.

Ki, daha bəhanəyə, bər-bəzəkli vədlərə yer qalmadı.

Məsələn, bu gün komanda Konfrans Liqasına vəsiqə əldə etsəydi, yenə gəlişi gözəl sözlərlə rəhbərlik meydana enəcəkdi. Yeni baş məşqçi, yeni əcnəbi ordusu ilə Avropada tarix yazmaqdan dəm vuracaqdı.

Amma indi onu edə bilmirlər. Üzə çıxmağa ayaq yeri də qalmayıb. Gizlinə çəkilib düşdükləri dərin quyudan çıxmaq üçün baş sındırırlar. Allah "Neftçi"nin başına elə bir hadisə gətirib ki, bundan ancaq dərs çıxarmaq lazımdır.

Papaqları önə düzüb, yüz ölçüb, bir biçmək lazımdır. Nəyi harada səhv etdiklərini anlamaları lazımdır.

"Neftçi" yalnız bu halda düzələ, yeni mövsüm yaxşı işlərə ümid yarada bilər.

Qısası, dərs çıxarmaq üçün yaxşı zəmin yaranıb. Qalır onu dəyərləndirmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti