“Neftçi”də ortada yeyib, qıraqda gəzən adam

3 Mart 17:45 Neftçi 1 589
“Neftçi”də ortada yeyib, qıraqda gəzən adam

Martın ilk günündə “Neftçi”də ad günü var idi.

Klub sosial şəbəkə vasitələri ilə üzü azarkeşlərin yadından çıxan argentinalı forvard Lukas Melanonun doğum günü olması ilə bağlı paylaşım etmişdi. Okeanın o tayından gələn uğursuz forvard 31 yaşını Bakıda tamamladı.

Adrian Mutunun dönəmində Premyer Liqada 4-ü əsas heyətdə olmaqla 10 oyunda şans qazanan, ölkə kubokunda 12 dəqiqə mübarizə aparan “16 nömrə” ümumilikdə 444 dəqiqə ərzində rəqib qapılarına yol tapa bilməmişdi.

Miodraq Bojoviç baş məşqçi postuna “əyləşən” kimi Melanonun nəyə qadir olduğunu Antalyadakı yoldaşlıq görüşlərində gördü və onun üzərindən bidəfəlik xətt çəkdi.

Təbii, ona maaş ödənir və tam təbii olaraq adı iştirak ərizəsinə salınır. Lakin monteneqrolu mütəxəssisin təyinatından sonra Lukas rəsmi matçlarda 1 dəqiqə də meydanda olmayıb.

Məşq edir, maaşını alır, gözəl Bakının işıqlı və əyləncəli gecələrinin həzzini çıxarmağa çalışır. El dili ilə desək, ortada yeyib, qıraqda gəzir.

Melanoya qış fasiləsindən yeni iş yeri axtarmaq təklif olunsa da, o, real variantın olmadığını deyərək müqaviləsinin sonuncu gününə qədər “Neftçi”də qalacağını açıq şəkildə bildirib.

Zatən 30 yaşında dünyanın o biri başından bura pul qazanmaq üçün gəlmişdi. İndi pulunu qoyub hara gedir?

Onu “Neftçi”yə kimin və hansı məqsəd üçün caladığını siz oxucular yaxşı bilirsiniz. Odur ki, bakılıların yeni mərhələyə qədəm qoyacağı günü hələ çox gözləyəcəyik.

Dəyişən illərdir, adlar və görülən işlər aşağı-yuxarı eynidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"