“Neftçi”də susan cütlük – Dəvət edirsiz, gəlmirlər, yoxsa...?

1 Mart 22:20 Neftçi 5 175
“Neftçi”də susan cütlük – Dəvət edirsiz, gəlmirlər, yoxsa...?

“Neftçi”nin bəzi futbolçuları mətbuatdan yan gəzir.

Bəzi deyəndə, konkret iki nəfərdir – ayrılmaz dostlar hesab olunan Emin Mahmudovla Qara Qarayev.

Sözləşiblər nədir, hər dəfə onlara yaxınlaşan jurnalistlərə müsahibə vermək həvəsində olmadıqlarını bildirirlər.

İllər öncə hər ikisi mətbuat üçün “yağlı tikə” hesab olunurdu. Sualı verib bitirməmiş cavab gəlirdi. Qaranın “Neftçi”yə keçidinə, Emininsə istəyinə çatıb uzun müddətli müqaviləyə qol çəkməsinə qədər hər şey yağ kimiydi.

Sonra nə baş verdisə, danışmaqdan, komandanın mövcud durumuna aydınlıq gətirməkdən, bununla da ictimaiyyətə yaxın olmaqdan boyun qaçırdılar.

Bu gün-sabah hər ikisinin 32 yaşı tamam olacaq. Bundan sonra uzağı 1-2 il oynayarlar, onu da hələ bilmək olmaz.

Sanki başlarını aşağı salıb, “ac qarnım, dinc başım” deyimi ilə hərəkət edirlər ki, mətbuatdan uzaq dursunlar, ağrımayan başlarına dəsman bağlamasınlar.

Birdən hansısa sözləri səhv anlaşılar, tənqid olunarlar. Bəlkə də küsüblər. Amma kimdən? Nədən? Niyə?

Kluibun mətbuat xidməti hər həftənin cümə axşamı bir futbolçunu mətbuat konfransına gətirir.

Lukas Melano, Reziuan Mirzov, Rəhman Hacıyev, Filip Ozobiç, Kilan Lebon... Sağ olsunlar, gəlib danışırlar, biz də yazırıq. Maraqlıdır ki, gələnlərin arasında nə Qarayevi görürük, nə də Mahmudovu.

Mənə elə gəlir ki, cütlük klubun təşkil etdiyi mətbuat konfransında iştirakı da rədd edir. Kənardan görünən bu olsa da, təxminimdə yanıldığıma inanmaq istəyirəm.

Belə deyilsə, növbəti müsahibimiz Qarayla Emindən biri olsun. Legionerlərə Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı sual verməkdən yorulduq. Təcrübəlilər gəlsin, “Neftçi”dən danışaq, konkret suallara cavab tapaq.

Qara özü bilər, komandaya “dünən” gəlib. İllərdir qolunda kapitanlıq sarğısını daşıyan, “Neftçi”nin siması hesab olunan Emin, jurnalistlərin önünə çıxıb media mənsublarını maraqlandıran sualları cavablandırmalıdır.

Onun yerinə “Qarabağ”dan Juninyo danışası deyil ki.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti