“Neftçi”nin sevimlisi edilən ən böyük səhvi gizlətmədi: “Bugünə qədər...”

28 Fevral 20:00 Neftçi 1 352
“Neftçi”nin sevimlisi edilən ən böyük səhvi gizlətmədi: “Bugünə qədər...”

“Neftçi” Tovuz səfərindən 1 xalla qayıtdı.

“Ağ-qaralar” hesabı açandan sonra növbəti qol vurmaq üçün imkanlar yaxalasa da, dəyərləndirə bilmədi.

Əvəzində “Turan Tovuz” bakılıların bacarmadığını etdi və matç 1:1 hesabı ilə başa çatdı.

Oyundan sonra “ağ-qaralar”ın futbolçuları üzgün görünürdü. Eddi İsrafilov də həmçinin. Lakin millimizin yarımmüdafiəçisi Sportinfo.az-a müsahibə verməkdən boyun qaçırmadı.

- Səfərdəki 1 xalı “Neftçi” üçün qazanc hesab etmək olar?

- İlk növbədə uzun yol qət edib bura gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar həmişə olduğu kimi, bu gün də möhtəşəm idi. Nəticəyə gəlincə, heç-heçəni xoş hesab etmirəm. Bura qələbə üçün gəlmişdik. Yaxşı oynamadığımızı nəzərə alsaq, Tovuzda qazanılan 1 xala pozitiv baxmalıyıq. Səhvlərimizi təhlil edib, nəticə çıxarıb, bir daha təkrarlamamalıyıq.

- Son 15 dəqiqədə üstünlük rəqibin tərəfinə keçdi. Nə baş verdi?

- Hesabı açandan sonra elə bilirdik ki, 3 xal əlimizdədir. Bu cür çətin səfər oyununda qol vurmuşuqsa, rəqibin təzyiqi artıracağınmı hiss etməli, qarşısını almalıydıq. “Turan Tovuz”u qapımıza yaxın buraxmaqla böyük səhvə yol verdik. Nəticədə lazım olan topu vurdular.

- Premyer Liqada sayına görə “1 nömrə” olan tovuzlu azarkeşlərin önündə oynamaq çoxmu çətindir?

- İlk növbədə meydan amilini qeyd etməliyəm. Bu cür süni örtüklü meydanda qaçmaq, mübarizə aparmaq çox çətindir. Digər tərəfdən, “Turan Tovuz” rəqiblərdə görməyə alışdığımız sistemlə oynamır. Beş müdafiəçi ilə meydana çıxırlar ki, bu da istər-istəməz onların müdafiə xəttini yarmaqda problem yaradır. Xatırlayırsınızsa, birinci dövrədə burada qələbə qazanmışdıq. Bu dəfə də 3 xala yaxın idik, amma bacarmadıq.

- Şəhriyar Əliyev dəqiq oynasaydı, hətta 1 xal da əlinizdən çıxacaqdı.

- Futboldur, belə hallar olur. Ona qalsa bizim də yaxşı imkanlarımız var idi. Moreno ilə Ozobiç qol vursaydı, məsələ həll olunacaqdı. Ən çox üzüldüyüm azarkeşlərimizi buradan qələbəsiz yola salmağımızdır. “Neftçi”yə gəldiyim vaxtdan bu günə qədər onların dəstəyini hiss etmişəm. Əfsuslar olsun ki, onların arzuladıqlarını verə bilmirik. Mənə görə ölkənin bir nömrəli azarkeşləri “Neftçi” fanatlarıdır və onlar ən yaxşısına layiqdirlər.

- Son matçlarda Miodraq Bojoviç yarımmüdafiənin mərkəzində Qara-Emin-Filip “üçlüy”ünə şans verir. Əsas heyətə qayıtmağın üçün onlardan birini mübarizədən kənarlaşdırmalısan.

- Mənim işim məşqlərdə səylə çalışıb, xidmətimə ehtiyac duyulan anda komandama kömək etməkdir. Qərarı verən baş məşqçidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"