“Neftçi”nin futbolçusu ilə hərtərəfli söhbət – Maraqlı açıqlamalar verdi

22 Fevral 22:40 Neftçi 542
“Neftçi”nin futbolçusu ilə hərtərəfli söhbət – Maraqlı açıqlamalar verdi

“Neftçi”nin ötən ilin sonlarından əsasını qoyduğu müsahibə layihəsi bərpa olunub.

Həftəiçi komandanın hansısa futbolçusu jurnalistlərin suallarını cavablandırır ki, bu dəfə “Neftçi Arena”nın konfrans zalında kameralar qarşısına Filip Ozobiç çıxmışdı.

Azərbaycan millisinin də şəfərini qoruyan təcrübəli yarımmüdafiəçi müxtəlif mövzuları əhatə edən çoxsaylı sualları cavablandırdı.

- Xorvatiya ilə Monteneqronun dili və mədəniyyəti demək olar eynidir. Miodraq Bojoviçlə çalışmaq əvvəlki məşqçilərlə işləməkdən nə ilə fərqlənir?

- Qışda komandamızda baş məşqçi dəyişikliyi oldu. Təbii ki, Bojoviçlə ünsiyyət qurmaq mənim üçün rahatdır. Çünki təxmini eyni dildə danışırıq. Onun haqqında yalnız xoş sözlər deyə bilərəm. “Neftçi”nin yaxşı olması üçün bizə kömək edəcəyini deyə bilərəm.

- Vaxtilə “Qarabağ”da oynadığını nəzərə alsaq, “Braqa”yla oyunları görəndə ağlından “kaş orda olardım” fikirləri keçir?

- "Qarabağ" səfərdə "Braqa"nı udmaqla böyük üstünlük qazanıb. Bu da təsadüfi deyil. Onlar Avropada uzun illərdir yaxşı çıxış edərək səviyyəli oyun nümayiş etdirirlər. Düzdür, 5 il orada oynamışam. Amma indi “Neftçi”nin futbolçusuyam və bütün fikirlərim bu klubla bağlıdır.

- Premyer Liqanı ikinci pillədə başa vurub, ölkə kubokuna sahib olmaq nə dərəcədə əlçatan görünür. Nəzərə alaq ki, kubokun yarımfinalındakı rəqibiniz “Qarabağ”dır.

- Azərbaycan kubokunu qazanmaq və çempionatda ikinci yeri tutmaq şansımız var. Bu, real görünür, bacarmaq olar. Məqsədimiz çıxdığımız oyunları qazanmaq və azarkeşlərimizi sevindirməkdir.

- İndiyə qədər “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin şərəfini qorumusan. “Neftçi”nin formasını geyinməyin xüsusi önəmi nədir?

- Hər birimiz azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik. Fanatlarımızın üzünü güldürmək üçün bundan sonra da bacardığımızın 100 faizini verəcəyik.

- 8 ildir Azərbaycanda oynayırsınız və hələ də Azərbaycan dilində danışa bilmirsiz? Nə mane olur?

- Doğma dilim slavyan qrupuna aiddir. Azərbaycanda bir çoxları rusca danışdığına görə bu dildə danışıram. Amma meydanda lazım olduqda komanda yoldaşlarımla sözümü azərbaycanca çatdırıram. Məsələn, tələsmə, tez, sağ, sol, futbola aid sözləri bilirəm.

- Son oyunlarda az şans qazandığınızı nəzərə alsaq, Azərbaycan yığmasındakı gələcək karyeranızı necə görürsünüz?

- Hələ ki futbol oynayıram. Ona görə də bu haqda nəsə demək çətindir. Az oynamağıma gəlincə, bu, baş məşqçinin qərarıdır.

- Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri Slovakiya, İsveç və Estoniyadır. Rəqiblər haqda fikirlərinizi eşitmək maraqlıdır.

- Fikrimcə, çox yaxşı rəqiblərimiz var. İsveç və Slovakiya komandaları inkişaf edir. Estoniya yığmasına qarşı da mübarizə aparmışıq. Rəqiblərin hər biri ilə layiqli mübarizə apara bilərik.

- "Qəbələ", "Qarabağ" klublarında oynamısınız və hazırda "Neftçi"dəsiniz. Karyeranızı bu klublardan hansında bitirmək istərdiniz?

-Hazırda müqavilə ilə "Neftçi"yə məxsusam. Sonra nə olacağını deyə bilmərəm. Ümumi götürsək, karyeramı bitirmək haqda düşünmürəm.

- “Neftçi”ylə “Qarabağ” arasındakı tarixi derbinin özəlliyini sözlə necə izah edə bilərsən?

- Hər ölkənin öz derbisi var. Əlbəttə, derbilərdə forma geyinmək hər bir futbolçu üçün xoş haldır. Belə oyunlar futbolun inkişafı yönündə öz təhfəsini verir.

- Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçına proqnozunuz necədir?

- Portuqaliyalılar çox ciddi komandadır. "Qarabağ" ilk matçda yaxşı nəticə qazanıb. Çətin oyun olacaq. Ancaq "Qarabağ"ın növbəti mərhələyə adlayacağına inanıram.

- "Neftçi"ylə "Spartak" (Moskva) arasında yoldaşlıq oyunu keçiriləcək. Vaxtilə Rusiya klubunun sıralarında olduğunuzu nəzərə alsaq, bu matçla bağlı fikirləriniz necədir?

- O vaxt “Spartak”la anlaşanda gənc idim, 18 yaşım var idi. Çox oynamasam da, 3-4 matçda forma geyinmişdim. “Spartak” daim mənim həyatımda böyük klub olaraq qalacaq. Onlara qarşı oynamaq mənim üçün xoşdur.

- Zaqreb "Dinamo"su, yoxsa "Hayduk"?

- Bu komandalar arasındakı oyunlar Xorvatiyada derbi kimi qəbul olunur. Neçə illərdir "Hayduk" çempion ola bilmir. Ümid edirəm ki, bu il çempion olarlar.

- "Dinamo"nun futbolçuları ilə “Qarabağ”dakı sabiq komanda yoldaşın Mahir Emreli barədə söhbətiniz olub?

- Mahir 2 ilə yaxındır “Dinamo”da çıxış edir. Onunla bağlı kiminləsə danışmamışam. Amma Xorvatiyada olanda Mahirlə görüşmüşəm. O, komandasından və oradakı durumundan razı idi. Fikrimcə, Emreli "Dinamo"da hələ öz potensialını tam göstərə bilməyib.

- Azərbnaycanda ən çox xatırladığın və heç xatırlamaq istəmədiyin oyunlar hansılardır?

- Xatırlamaq istəmədiyim matç Çempionlar Liqasında "Qarabağ" - "Viktoriya Plzen" görüşüdür. Unutmadığım qarşılaşma isə Avropa Liqasındakı "Qəbələ" - "Lill" oyunudur. Hər iki oyunda qol vurmuşdum.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"