Bu mövsümün arxada qalan bölümündə "Neftçi"nin bombardiri Rəhman Hacıyevdir.
Onun aktivində 5 qolu var.
Bu nominasiyada ikinci ən yaxşı göstərici Yuri Matiasa məxsusdur. Rumıniyalı 4 dəfə rəqib qapılarının torunu silkələyib.
Rəhman yarımmüdafiəçi, Matias isə mərkəz müdafiəçisidir.
Bəs bu komandanın hücumçuları kimlərdir?
Andre Şinyaşikin, Lukas Melano, Yeqor Boqomolski, Brayan Moreno və Ağadadaş Salyanskidir.
Bəs onlar arxada qalan müddətdə nə işlər görüb?
Morenodan danışmaq tezdir. Qışdan sonra komandaya qoşulan kolumbiyalının bacarığına qiymət vermək üçün ən azı 5-6 tur gözləmək lazımdır.
Forvardlar arasında ən çox şans qazananı Şinyaşikindir. Braziliyalı legioner meydana çıxdığı 16 matçda cəmi 1 qol vura bilib. Əksər vaxt vinger kimi çıxış etməsi də ona bəraət qazandıra bilməz.
Yeqor Boqomolskiyə baxanda Andrey şükürlüdür. Belaruslu 14 matçda bir dəfə rəqib qapısının torunu silkələyə bilməyib.
Lukas Melanonun aktivində 10 oyun var, amma onun da qol xanası Yeqor kimi sıfırdı.
Bilirəm, hamınız həyəcanla gözləyirsiz ki, bəs azərbaycanlı balasının statistikası necədir.
Bəli, Yeqor, Melona kimi onun da aktivində qol yoxdur.
Ona görə yox ki, o da əcnəbilər kimi fərasətsizdir.
Ona görə ki, həmin azərbaycanlı balası Ağadadaşa 21 turda 1 dəqiqə belə oynamaq imkanı verilməyib.
O da fərasətini hələki ikinci komandada göstərməklə məşğuldur. Özü də necə lazımdır.
Belə ki, gənclər millimizin hücumçusu "Neftçi-2"də arxada qalan 21 turda 17 qol vurmaqla bombardirlər cədvəlinə başçılıq edir.
Lakin "ağ qaralar"ın məşqçilər korpusundan bir başı papaqlı başçı qabağa çıxıb ona şans vermir ki, fərasətini bəlkə orada da göstərdi.
Andrey, Yeqor və Melano birlikdə 40 matçda cəmi 1 qol vura biliblər.
Yəqin ki, oynamaq imkanı qazansaydı Ağadadaş təkbaşına həmin "üçlü"dən çox qol vurardı.
Dəqiq az vurmazdı.
Görəsən, 19 yaşlı uşağın günahı nədir?
XANOĞLAN İMANOV

