Ölkə kubokunun 1/4 final mərhələsinin sonuncu görüşü “Neftçi Arena”da baş tutacaq.
“Neftçi” ilk oyunda 3:2 hesabı ilə məğlub etdiyi “Sumqayıt”ı qəbul edəcək.
Artıq indidən oyunun hansı məcrada keçəcəyini, 90, bəlkə də 120 dəqiqə ərzində nələrin yaşanacağını təsəvvür etmək çətin deyil. Hər iki komanda yarımfinala adlamaq üçün alışıb-yanır. Titula əl uzatmaq üçün bu mərhələni adlamaq vacibdir.
Bəli, ilk dueldə “ağ-qaralar” 45 dəqiqə ərzində rəqib qapısından 3 cavabsız top keçirməklə yarımfinalın qapısını aralamışdı, bəlkə də tam açmışdı. Lakin fasilədən sonra “kimyaçılar”ın əzmkarlığı sayəsində vurulan 2 qol intriqanın bərpasına şərait yaratmışdı.
Samir Abasova Miodraq Bojoviçin komandasını tanımaq və incələmək üçün məhz 1 hissə kifayət etmişdi. 0:3-dən sonra 2 top vurmaq, çempionat qarşılaşmasında ilk yarıda yenə 2 qola sevinmək Abasovun zəhmətinin nəticəsiydi.
Bojoviçlə Abasov arasındakı bu günə qədər izlədiyimiz 2 oyunluq, başqa cür desək 4 hissəlik tamaşanın 2-sini azərbaycanlı, digər 2-sini monteneqrolu çalışdırıcı qazanıb. Təbii, Premyer Liqa ilə Azərbaycan kubokunun atmosferi fərqlidir. Amma hər iki komanda yarımfinalı arzulayırsa, əlavə nəsə demək artıqdır.
Ümumiyyətlə, Samir Abasov üçün “Neftçi”nin adı xüsusi önəm daşıyır. İstənilən rəqibə məğlubiyyəti həzm edə bilər, amma “ağ-qaralar”a əsla! Özü etiraf etməsə də, aradakı prinsipiallığı futbol bilicilərinə tanışdır.
Ortada 2021-ci ildə çempion etdiyi “Neftçi”dən 1 ildən sonra göndərilməsi faktı var. O vaxtkı prezidenti Kamran Quliyevin həmin qərarı sumqayıtlı çalışdırıcıya gözləmədiyi adamdan zərbə effekti vermişdi.
Razılaşaq ki, hazırkı durumda “Neftçi”ylə “Sumqayıt”ın şansları bərabərdir. Bakılılar doğma meydan və ilk oyundakı nəticənin üstünlüyündən yararlanmağa çalışacaqsa, psixoloji üstünlük qonaqların tərəfindədir.
“Kimyaçılar”a mümkün məğlubiyyət təhlükəsinin “Neftçi”nin futbolçularında yaradacağı təzyiq də danılmaz faktdır. Yarımmüdafiənin əsas siması Dieqo Valdesin cəzalı durumda olması isə Bojoviç üçün xüsusi dərddir.
“Neftçi” – “Sumqayıt”, Bojoviç-Abasov duelləri öz yerində. Bu gün həm də “Forza Neftçi” azarkeş qrupunun ad günüdür. 15 yaşı tamam olan qrupun “Neftçi Arena”da möhtəşəm ab-hava yaradacağına şübhə yeri yoxdur.
Sumqayıtdan da xeyli sayda fanatın gələcəyini nəzərə alsaq, stadionda əsl bayram ab-havası yaşanacaq.
Bir sözlə, axşam saat 19:00-dan etibarən “Neftçi Arena”da möhtəşəm qarşılaşmaya şahidlik edəcəyik.
HƏBİB / SPORTİNFO.AZ

