“Neftçi”nin əcnəbi hücumçusu: “Azərbaycanda yaşamaq zövq verir”

7 Fevral 2024 02:40 Neftçi 1 092
“Neftçi”nin əcnəbi hücumçusu: “Azərbaycanda yaşamaq zövq verir”

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski AZƏRTAC-ın suallarını cavablandırıb.

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub etdiniz. Oyunu necə şərh edərdiniz?

- Görüş bizim üçün yaxşı keçdi. Xüsusilə də birinci hissə keyfiyyətli alındı. Hesabda 3 top fərqi ilə öndə idik. Bu üstünlüyümüzü qoruya bilsəydik, daha yaxşı olardı. Amma əsas odur ki, qələbə qazandıq. Cavab görüşünə daha ciddi hazırlaşacağıq.

- Bu mövsüm "Neftçi"nin heyətində ikinci qolunuzu vurdunuz. Öz oyununuzu necə qiymətləndirərdiniz?

- Əlbəttə, daha çox fərqlənmək və komandaya fayda vermək istəyirəm. Öz üzərimdə həvəslə işləyirəm. İnanıram ki, bunun nəticəsini görəcəyəm.

- Səfərdə qalib gəlməklə üstünlük qazandınız. Sizcə, növbəti mərhələyə çıxmaq şansınız neçə faizdir?

- İlk oyunda qələbə qazansaq da, hər şey cavab matçında həll olunacaq. Doğma meydandakı görüşə yaxşı hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik.

- “Neftçi” 10 gün ərzində “Sumqayıt”la 3 dəfə qarşılaşmalı olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Bəli. Əslində, karyeramda ilk dəfədir ki, bir rəqiblə ardıcıl bu qədər matç keçirirəm (gülür).

- Komandanız hazırda Premyer Liqanın turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Lider “Qarabağ”la 15 xallıq fərqi aradan qaldırmaq mümkün olacaq?

- Ötən mövsümdən fərqli olaraq, bu il turnir cədvəlində komandaların xalları bir-birinə yaxındır. Bir qələbə ilə yuxarı, bir məğlubiyyətlə aşağı pilləyə yuvarlanmaq olur. Ona görə də addım-addım irəliləyirik. Hər matçdan qələbə ilə ayrılmağa çalışırıq.

- Azərbaycanda ikinci mövsümünüzü keçirirsiniz. Ölkəmiz haqqında təəssüratlarınız necədir?

- Bakı şəhərinin havasını, insanlarını sevirəm. Mənə burada çox isti münasibət göstərirlər. Azərbaycanda yaşamaq zövq verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti