Ötən ilin dekabrında Adrian Mutu ilə müqaviləyə xitam verən «Neftçi» 2024-cü ildə 4 rəsmi matça çıxıb.
Miodraq Bojoviçlə 1,5 illik müqavilə imzalayan «ağ-qaralar» yeni baş məşqçinin rəhbərliyi altında 3 Premyer Liqa, 1 kubok matçı keçirib.
Çempionatda «Sabah»la qolsuz heç-heçə edən paytaxt təmsilçisi «Qəbələ»ni 3:1 udubsa, «Sumqayıt»a səfərdə yenilib - 1:2.
Bakılılar ölkə kubokunun ¼ final mərhələsinin ilk görüşündə «kimyaçılar»ı 3:1 üstələyib və yarımfinala vəsiqə qazanmaq şansını artırıb.
Monteneqrolu mütəxəssis 1 aydan artıqdır sükanı arxasında olduğu komanda barədə rəyini qətiləşdirib. Balkanlı çalışdırıcı 2 problemin üzərində dayanıb.
Bu haqda fikirlərini klub funksionerləri ilə bölüşən Bojoviç bildirib ki, yayda alınan əksər legionerlər «Neftçi»nin formasını geyinməyin məsuliyyətini tam mənasıyla başa düşməyə çətinlik çəkir.
O, argentinalı hücumçu Lukas Melano başda olmaqla, bir neçə əcnəbinin heyəti gücləndirmədiyi fikrindədir.
56 yaşlı baş məşqçi həmçinin onu da deyib ki, futbolçuların fiziki hazırlığı aşağıdır.
Tula «Arsenal»ının sabiq çalışdırıcısı iddia edib ki, Adrian Mutunun 6-7 aylıq dönəmində komandanın fiziki yüklənməsi normannı aşıb, nəticədə oyunçularda ağırlıq əmələ gəlib, zədələnmə hallarının sayı artıb.
SPORTİNFO.AZ

