“Görüşdük, söhbətləşdik, indi aradabir oturub çay da içirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.
Daha əvvəl xəbər verdiyimiz kimi, “Neftçi”nin iki eks rəhbər şəxsi barışıb. Söhbət keçmiş prezident Kamran Quliyevlə Ceyhun Sultanovdan gedir.
Cütlük uzun müddətdən sonra bir araya gəlib. Bu barədə Sultanov paylaşım edib.
Hazırda menecer və «tiktoker» kimi sosial şəbəkələrdə böyük populyarlıq qazanan Ceyhun bəyin paylaşdığı fotodan həm onun, həm də hörmətli Kamran Quliyevin bu görüşdən məmnun qaldığı görünür.
Onlar bir orta məktəbdə təhsil alıblar. Sonra yolları «Sumqayıt»da birləşib.

K.Quliyev uşaqlıq tanışını 2015-ci ildə bura gətirib. 2018-ci ildə birlikdə «Neftçi»yə üz tutublar. Quliyev prezident,
Sultanov idman direktoru olaraq paytaxt təmsilçisində fəaliyyət göstərib.
2020-ci ilin noyabrında yolları ayrılıb. Derbidə «Qarabağ»a 0:6 hesablı məğlubiyyətdən sonra Sultanov vəzifəsindən istefa verib. Bu hadisə tərəflərin münasibətlərinə mənfi təsir göstərib.
Kamran Quliyev ötən ilin yayında «Neftçi»ni tərk edib. Müşahidə Şurası onu görəvdən alandan sonra bu yaxınlaşma maraq doğurmaya bilməz.
Səmimi ortamda çəkilən şəkil, güman ki, yeni tərəfdaşlığın xəbərçisidir. Elə Sultanovun özü də bunu təsdiqləyir:
“Hələlik işbirliyimiz yoxdur. Həyatdır, bundan sonra hər şey ola bilər.
Öz aramızda hər şeyi danışdıq. Bir-birimizi başa düşdük. O da, mən də harada səhv, harada düz elədiyimizi dedik.
Daha keçmişə qayıtmaq istəmirəm. Həyatda hamı səhv eləyir. Əsas sonda bir-birimizi başa düşməkdir.
Mən bu gün işləyənlərin yox, işləməyənlərin yanındayam. İşləyən adamlarla belə əlaqə saxlamıram.
Qoy sabah deməsinlər ki, Ceyhun Sultanov zəng vurub filan məsələylə bağlı məni narahat elədi.
O şeyləri ağıllarına gətirməsinlər. Işləməyən adamın isə yanında ola, hətta ona kömək də edə bilərəm.
Kamran Quliyevlə 7 il bir yerdə işləmişəm. “Neftçi”də keçirdiyim son ildə elə şeylər var ki, dəyişdi.
İnsandır da, səhvini başa düşür. Mən də səhv edə bilərəm.
Ona uğurlar arzulayıram. Ümid edirəm ki, tezliklə özünə uyğun bir iş tapar”.

