Ötən ilin dekabrında Adrian Mutu ilə yolları ayıran «Neftçi» Miodraq Bojoviçə ilk rəsmi məğlubiyyətini yaşatdı.
Yeni baş məşqçi hələlik müşahidəçi mövqeyində dayanıb.
O, sadəcə, futbolçularını ayrı-ayrılıqda, komanda şəklində seyr etməklə, qiymətləndirməklə məşğuldur. Bu dəqiqə işi bundan ibarətdir.
Uzun illər çalışdığı Rusiyada özünü çılğın biri kimi tanıdan Bojoviçdən əsər-əlamət yoxdur. Çox sakit və süst görünür. Heç tükü də tərpənmir.
Dünən də belə idi. Sumqayıtda 100 dəqiqəyə yaxın oyun getdi, demək olar nəyəsə müdaxilə etmədi.
Texniki zonada dayandı, meydana baxa-baxa qaldı və sonra da rəqbin daha yaxşı oynadığını deyib, mətbuat konfransını tərk elədi.
Düşünmürəm ki, «Neftçi» azarkeşinin Bojoviçdən gözlədiyi budur.
Amma komanda budur və reallıq yeni baş məşqçinin dodaqlarının arasından süzülən bir cümlədə öz əksini tapır - heyəti gücləndirmək lazımdır, buna da imkan yoxdur.
Yay transferləri «Neftç»nin gücünü alması faktı ortadadır. Sumqayıtda istəksiz və nizamsız oynadılar.
«Məşqçi işi» adına görülən iş, sadəcə, sıfır!
Emin Mahmudov drijorluq etmədi yenə. Yarımmüdafiənin cinahları vaxtından xeyli əvvəl «qanad salladı».
Müdafiə xətti ləng qaldı. Bir müsbət elementdən danışa bilmərik - «Neftçi» ev sahiblərinin qapısı önünə yaxınlaşmağın yollarını tapmaqda aciz təsir bağışladı.
Bojoviç bu «Neftçi» ilə nə edər? Yalnız möcüzəyə bel bağlamaq olar.
Kuboku qazanarmı? Premyer Liqanın gümüş medallarına yiyələnərmi? Yenə də yalnız möcüzə hesabına…
MUSA

