"Sumqayıt"la Ölkə Kubokunun yarımfinal matçından sonra "Neftçi" azarkeşləri ilə kapitan Emin Mahmudov arasında insident yaşandı.
Cütün ilk matçında qazanılan qələbəni (3:2) qeyd etmək istəyən fanatların yanına kapitan getməyincə onun ünvanına xoşagəlməz şuar səsləndirilmişdi.
Redaksiyamıza daxil olan informasıyaya görə, tərəflər arasında soyuqluq uzun müddət əvvəldən başlayıb.
Bunda əsas günahkar isə klub daxilində olan bir qrupdur.
Bilirik ki, Eminin yayda komandasını dəyişmək ehtimalı vardı.
Lakin son anda "ağ qaralar"ın rəhbərliyi böyük canfəşanlıq göstərərək onu komandada saxlamağa müəssər oldu.
Ancaq kapitanın qalması həmin qrupa daxil olan şəxslərin xoşuna gəlməyib.
Və yarımmüdafiəçinin əleyhinə "qara piar" aparılmasına qərar verilib.
Bunda isə əsas iş düşüb azarkeşlərin üzərinə.
Məqsəd futbol ictimaiyyətində "Emindən kapitan olmaz" fikirini formalaşdırmaq olub.
Hətta bunun üçün tribunadan onun əleyhinə pankart açıldığı görüş də olub.
Yayda komandaya transfer olunan Yuri Matias barədə qısa müddət sonra "əsl kapitan belə olmalıdır" obrazı ictimaiyyətə ötürülüb..
Mahmudovu küsdürən də məhz bu kimi addımlar olub. O, bu gün də həm azarkeşlərə, həm də olanlarla bağlı onunla bircə dəfə görüşməyən rəhbərliklə soyuq münasibət saxlayır.
Hətta bir müddət aktiv olduğu sosial şəbəklərdə komandası ilə bağlı paylaşımlar etməyi də dayandırıbmış.
Mətbuatla ünsiyyətdən qaçmasının kökündə də yuxarıda sadalanan faktlar dayanır.
Son hadisə göstərdi ki, tərəflər arasından "soyuq sular" hələ də axmağa davam edir.
SPORTİNFO.AZ

