Miodraq Bojoviçin "Neftçi"yə canlanma gətirdiyi göz önündədir.
Onun rəhbərliyi altında komandanın qışdan sonra məğlubiyyətsiz irəliləməsi boşuna deyil.
"Qəbələ" və "Sumqayıt"ı udan "ağ qaralar" "Sabah"la görüşdə bərabərliyə razılaşıb.
Təbii ki, 3 oyuna görə parlaq gələcəkdən danışmaq tezdir.
Hələ qarşıda uzun marafon var.
Amma qışdan sonrakı oyunlarda müsbət nəticələr və normal oyun sisteminin diqqətdən qaçmadığı da faktdır.
Lakin montoneqrolu mütəxəssis də səhvsiz deyil.
Məsələn, əvəzetmələrlə bağlı sanki bir tələskənliyi var. Buna hesabdan irəli gələn arxayınlıq da deyə bilərik.
Belə ki, son iki oyunda "Neftçi" hesabda üstünlüyünü möhkəmləndirən kimi əcnəbi mütəxəssis kütləvi əvəzetməyə gedir.
Belə ki, Premyer Liqanın "Qəbələ" ilə matçında Dieqo Valdez 67-ci dəqiqədə hessabı 2:0 etməsindən cəmi 10 dəqiqə sonra Bojoviç eyni vaxtda 3 dəyişikliyə getdi.
Meydanın yaxşılarından olan Emin Mahmudov, Adrey Şinyaşikin və Yeqor Boqomolski uyğun olaraq Filip Ozobiç, Alfa Konte və Brayan Moreno ilə əvəzləndi.
Görünür, oyunun taleyinin həll olunduğunu düşünən baş məşqçi əsas heyət üzvlərinə istirahət verməyi qərara aldı.
Lakin məhz bu dəyişiklərdən sonra meydanda 10 nəfər qalan qonaqlar üstünlüyü ələ aldı, fərqi minimuma endirdi və bərabərlik qoluna yaxın oldu.
Morenonun üçüncü qolu vurduğu son saniyələrə kimi "Neftçi" cəbhəsində xal itirmək ehtimalı ilə bağlı narahatlıq davam etdi.
Ölkə Kubokunun "Sumqayıt"la ilk matçında da oxşar mənzərə yaşandı. Sumqayıtda keçirilən görüşdə fasiləyə 3:0-lıq üstünlüklə yollanan qonaqlar ikinci yarıya 3 əvəzetmə ilə başladı.
Bu dəfə Eddi İsrafilov, Yeqor Boqomolski ilə bərabər Rəhman Hacıyev də əvəzləndi. İkinci 45 dəqiqəyə Filip Ozobiç, Alfa Konte və Brayan Moreno ilə başlayan "ağ qaralar" üstünlüyü demək olar meydan sahiblərinə verdi. Bunun məntiqi nəticəsi olaraq qapısında iki qol görən "Neftçi" tərəfi yenə son dəqiqələri qələbənin əldə çıxmaq qorxusu ilə keçirməli oldu.
Yəqin ki, bu iki oyun 53 yaşlı mütəxəssis üçün yaxşı təcrübə oldu.
Növbəti görüşlərə oxşar arxayınlıqla yanaşmasın deyə. Təbii ki, matçlarda eyni üstünlükləri yaxalaya bilsə.
XANOĞLAN İMANOV

