“Neftçi” Miodraq Bojoviçin rəhbərliyi altında ilk qələbəsini qazandı.
Yeni ildəki ilk matçında “Sabah”la qolsuz bərabərə qalan “ağ-qaralar” 20-ci turda “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməyi bacardı.
Qazanılan qələbədə bakılı azarkeşlərin əməyi qeyd olunmalıdır. Sevimli komandalarına 90 dəqiqə dəstək verən “Forza Neftçi” ilə “Neftçimaniya”nın üzvləri əvvəldən axıra qədər susmaq bilmədilər.
Düşünmək olardı ki, hakimin final fitindən sonra klub və komanda üzvləri tribunaların önünə gedib qələbəni azarkeşlərlə qeyd edəcək. Amma əvvəlki vaxtlarda görməyə alışdığımız mənzərənin əksi yaşandı.
3 xala sevinən məşqçi və futbolçular oyun başa çatan kimi paltardəyişmə otağına tələsdilər. Aralarından yalnız Eddi İsrafilov tribunadan aldıqları dəstəyi yada saldı ki, vitse-kapitan uzaqdan əl çalmaqla kifayətləndi. Başqa heç nə.
Məlum mənzərənin fanatlara xoş gəlmədiyi gün kimi aydındır. Ümid edək ki, növbəti qələbələrdən sonra fərqli ab-havaya şahidlik edəcəyik.
HƏBİB / SPORTİNFO.AZ
Görüntülərə aşağıdakı videoda baxa bilərsiniz.

