«Bizim bu transferlə kifayətlənmək fikrimiz yoxdur».
«Manisa»nın prezidenti Mevlut Atkan Sportinfo.az-a açıqlamasında belə deyib.
«Turan Tovuz»dan Sertan Taşkınla 1,5 illik müqavilə imzalayan Türkiyə klubunun rəhbəri daha bir neçə azərbaycanlı futbolçunu gündəmlərinə aldıqlarını bildirib.
I Liqa təmsilçisinin başçısı millinin və «Neftçi»nin yarımmüdafiəçisi Eddi İsrafilov və digərləriylə yaxından maraqlandıqlarını söyləyib:
«Onu bir müddətdir yaxından izləyirik. Nəzərimizdə olan başqaları da var.
Skautlarımız Premyer Liqanı diqqət mərkəzində saxlayır. Klublarınızda yaxşı futbolçular var.
Bəziləriylə söhbətimiz olub. Türkiyəyə gəlmək istəyənlər çoxdur.
Azərbaycan klublarında oynayan legiooerlər də nəzərimizdədir. Onları ən yaxşı halda yayda gətirə bilərik.
Çünki qış fasiləsində iştirak ərizəsini tamamilə doldurmuşuq. Birinci Liqada legioner limiti var.
Neçə legioner götürmək mümkünsə, onu da götürmüşük. Qarşıdakı həftələrdə bizim nümayəndələr Azərbaycana səfər edəcək.
Mövsümün sonuna kimi raportlar hazır olmalıdır. Ona əsasən, baxacağıq ki, kimi transfer etmək olar. Şərtlər önəmlidir».

