20-ci turun maraqlı qarşılaşmalarından biri “Neftçi Arena”da baş tutacaq.
Premyer Liqanın ikinci yarısına qələbə ilə başlaya bilməyənlərin duelində “Neftçi”ylə “Qəbələ” üz-üzə gələcək.
Vaxtilə çempionluq uğrunda mübarizə aparan, bir-birinə ciddi rəqib hesab olunan komandalar əvvəlki vaxtlarından çox-çox uzaq düşsələr də, işartılar qalmaqdadır.
Məsələn, “ağ-qaralar”ın tarixinə qara hərflərlə yazılan 0:8, ötən mövsüm kubokun finalındakı sürpriz məğlubiyyət və digər bu kimi məqamlar bakılıları qəbəlilərə qarşı daha diqqətli olmağa məcbur edir.
Amma bir şey də var ki, “Neftçi” yeni tarixə qədəm qoyub və hər kəs bu dövrün uğurlu olacağına ümid edir. Miodraq Bojoviçin “sükan” arxasına keçməsi və yeni transferlərin reallaşması “ağ-qaralar”ı xeyli ümidləndirib.
Bojoviçin ilk sınağı rusiyalı Murad Musayevə qarşı idi ki, çempionatımızdakı iki legioner çalışdırıcının duelindən qələbə səsi gəlmədi. Bu oyun monteneqrolu mütəxəssisin azərbaycanlı məşqçilərə qarşı ilk mübarizəsi kimi yadda qalacaq.
Hər iki komandanın heyətində itkilərin olması balans yaradır. “Neftçi”də Emil Balayev, Qara Qarayev, Azər Əliyev, Kilan Lebon, Reziuan Mirzov, Ataa Caber kimi itkilər varsa, “qırmızı-qaralar” zədəli Ahmed Ayzayanın, meydana çıxmağa tam hazır olmayan Feras Abu Akalın, Asiya Kubokuna görə Bakıya gəlişi yubanan Klesio Baukun, eləcə də cəzalı Lukas Afrikonun xidmətindən yararlana bilməyəcək.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv cari mövsümün ilk iki dövrəsində baş tutan oyunlarda paytaxt təmsilçisinə boyun əyib. Və hər iki qarşılaşmada 0:2 hesabı ilə. Təbii ki, bu məqamın özü də “Qəbələ”liləri “nə qədər uduzmaq olar?” düşüncəsi ilə matça köklənməsinə şərait yaradacaq.
“Neftçi” yeni baş məşqçinin adından, azarkeşlərin dəstəyindən, doğma ot amilindən maksimum yararlanmağa çalışacaq. Qonaqları isə bu matça turnir cədvəlindəki vəziyyət kökləyəcək. Artıq məğlubiyyət limiti bitib, bıçaq sümüyə dirənib. Mümkün 1 xal da “Qəbələ”nin dərdinə məlhəm olacaq. “Neftçi” üçünsə vacib olan yalnız vıə yalnız 3 xaldır.
Bir sözlə, qırğın olacaq.
Yanvarın 28-də keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 17:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

