"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov son illər klubun ən bəlalı yerinə çevrilən, tikintisi illərdi aparılan, amma hələ də tamamlanmayan bazasının gələcəyi barədə açıqlama verib.
Sitat: "Çox təəssüf ki, indi də eyni vəziyyətdir və söhbət “yuxarı”ya gedib. Baza tikilsin, akademiya inkişaf etsin.
Məsələ tezliklə həll olunmaldır. Ya bir il çempionatı kənara qoyub bazaya yönəlməliyik, ya da əlavə büdcə ayrılmalıdır. Bu məsələdə qızıl ortanı tapmaq lazımdır".
Gördüyünüz kimi, yeni klub rəsmisi ümidverici, konkret nəsə deməyib.
Özü müsahibədə etiraf edib ki, komandaya son illərin ən yüksək büdcəsi ayrılıb.
Elə özü də əlavə büdcədən danışıb, dolayısı ilə pulun azlığından şikayət edib.
"Büdcə ayrılmasa, bir il çempionatı kənara qoyub, bazaya yönəltməliyik" cümləsi isə xüsusilə diqqət çəkib.
Fərrux bəy, bir il nədir, "Neftçi" 10 ildən artıqdır çempionatı bir kənara qoyub. Bir ili yox, illəri bada verməklə məşğuldur.
Elə olmasaydı komanda gümüş, bürünc medallarla azarkeşlərin başını qatmazdı.
Bu komanda üçün çempionluqdan başqa istənilən nəticə uğursuzluqdur. Çempion olmamısansa, deməli, çempionatı bir kənara qoymusan.
Digər tərəfdən, çempionatı bir kənara qoymağı yox, Adrian Mutu kimi məşqçilərə, Olanare kimi lazımsız legionerlərə milyonlar boşuna axıdılmasaydı baza da, akademiya da çoxdan öz həllini tapmışdı.
Ümumiyyətlə, son illərin ən çox büdcəsinə sahib klubun rəhbəri belə ağlaşma qurmalı deyil.
Görünür, sizdən əvvəlkilərin dönəmində olduğu kimi, sizlərin də dönəmində acınacaqlı mənzərə olduğu yerdə davam edəcək.
Uduzan isə "Neftçi" və onu sevənlərdir.
XANOĞLAN İMANOV

