Premyer Liqanın 21-ci turunda nəfəslər kəsiləcək.
Turnir cədvəlində bir-birinə yaxın rəqiblərin duelləri amansız mübarizə vəd edir.
Heç şübhəsiz gözlər Sumqayıta dikiləcək. Lakin bu dəfə “Kapital Bank Arena”ya yox, Mehdi Hüseynzadə adına stadiona.
Elə qarşılaşmaya rəng qatan başlıca məqam da budur. “Kimyaçılar” uzun fasilədən sonra rəqibini sumqayıtlılara doğma olan arenada qəbul edəcək. Heyətdəki futbolçular oradakı ab-havanın ləzzətini bilməsə də, baş məşqçi Samir Abasovla köməkçiləri “Mehdi Hüseynzadə”ni yaxşı xatırlayır.
Yenilənmiş stadionun açılış matçında, həm də 10 minə yaxın azarkeşin gözləri qarşısında məğlubiyyət qəbulolunmazdır. Məhz bu məqam yerli komandada əlavə istək, hirs və motivasiya yaradacaq. “Neftçi”nin futbolçularının bazar günü üzləşəcəyi atmosferi indidən təsəvvür etmək çətin deyil. Gözlərinin qarşısında təsil olmağı ar bilən rəqib futbolçuları, başlarının üstündə qonaqlara nəfəs almaq imkanı verməyən fanatları görəcəklər.
“Sumqayıt”ı oyuna kökləyən digər məqam yanvarın 31-də ölkə kubok çərçivəsində keçirilmiş qarşılaşmadır. Bakılılar rəqibinin nəfəsini kəsərək ilk 45 dəqiqədə Mehdi Cənnətovun qapısından 3 cavabsız top keçirməyi bacarmışdı. Fasilədən sonra sumqayıtlılar hesab arasındakı fərqi azaltmağa nail olsalar da, yekunda Miodraq Bojoviçin komandası 3:2-lik qələbəyə sevinmişdi. “Kimyaçılar” üçün kubokda yarımfinala yüksəlmək kifayət qədər çətin görünür. Səfərdəki 1 qolluq üstünlük doğma meydanda “Neftçi”nin xeyrinə işləyəcək.
Cari mövsümdə hələ də təəccübləndirməkdə davam edən Abasovun drujinası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Neftçi” 31, onlar 30 xala sahibdirlər. Bu o deməkdir ki, meydan sahiblərinin mümkün qalibiyyəti cədvəldə yerdəyişməyə səbəb olacaq. “Sumqayıt” qələbə sayəsində lider “Qarabağ”ın ən yaxın izləyicisinə çevrilə bilər. Heç-heçə də onlar üçün sərfəli nəticə kimi qəbul olunacaq.
Samir Abasovun kubokdakı yenilgiyə sakit yanaşmasına fikir verməyin. Çempionatda, həm də yeni stadionda, 8-9 min adamın qarşısında tam başqa adam görəcəyik. Bir sözlə, maraqlı olacaq, çox maraqlı.
Fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşması saat 15:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

