"Neftçi"nin özünə gəlməsinin sirri - Zaur Əzizov bunun üçün nə(lər) etdi?

19 Sentyabr 2022 16:00 Neftçi 1 470
"Neftçi"nin özünə gəlməsinin sirri - Zaur Əzizov bunun üçün nə(lər) etdi?

Millinin oyunlarına görə bugündən etibarən Premyer Liqada fasilə yaranıb.

7 turdan sonra hərəyə 18 xal toplayan «Qarabağ» və «Neftçi» 1-2-ci pillələri bölüşdürür. 16 xala malik «Sabah» üçüncü sırada mövqe tutub.

Şübhəsiz, birincilik savaşı elə bu 3 iştirakçı arasında gedəcək. Əlbəttə, daha çox komanda qızıl medala iddia etsəydi, biz daha gərgin, intriqalı çempionat izləyərdik.

Olmayan yerdə buna da şükür! Son illərdə heç bu da olmurdu.

Xoş məqam «Neftçi»nin ilk həftələrdən başlayaraq, sabit nəticələr qazanmağa adət etməsidir. Yeganə məğlubiyyəti «Sabah»dan alan «ağ-qaralar» qalan həftələri xal itirmədən başa vurub.

Lorentsiu Regekampf baxımlı futbol oynatmır və «Neftçi» azarkeşlərinin bu mənada narahatlığını, eyni zamanda, narazılığına andayış göstəririk.

Bakılı fanatlar haqlıdır - yeni baş məşqçi onların sevdiyi hücum oyununu arxa plana keçirib. Bunu da rumıniyalı mütəxəssisin nəticə vermək niyyəti ilə izah etmək olar.

İyunda 2 illik müqaviləyə imza atan Regekampf Azərbaycanda da uğursuz olmaq istəmir və buradan qovulacağı halda, uzun müddət işsiz qalmaq təlaşı içindədir.

Zatən, klub rəhbərliyi ondan gözəl futbol da tələb eləmir. Konkret olaraq Zaur Əzizov. Komandaya görə birbaşa məsuliyyət daşıyan idman direktoru bir arzu ilə yaşayır.

Barəsində səsləndirilən «ən yaxşı transfer» fikrini doğrultmaq üçün o, hətta ən axırıncı varianta əl atmağa da hazırdır.

Ötən ilin dekabrından «Neftçi»də fəaliyyət göstrərən Əzizov ötən mövsüm istədiyini əldə edə bilmədi.

Ondan nə gözlənilirdisə, heç birini vermədi: komanda Premyer Liqa və ölkə kubokunda fiaskoya uğradı. Yeni avrokuboklar sezonu da erkən bitdi: Konfrans Liqasında mübarizəni ikinci mərhələdə dayandırdılar.

Ard-arda gələn bu uğursuzluqlardan sonra necə oldu ki, komanda toparlana bildi? Hər halda bu sual çoxlarını düşündürür. Əslində, bunun qeyri-adi səbəbi yoxdur, fakt odur ki, Zaur Əzizov əsl söz sahibinə çevrilib.

O, «Qəbələ»dən «Neftçi»yə gəlməsini təmin edən Zaur Qəhrəmanovun vasitəsilə öz mövqelərini gücləndirməyi bacarıb.

Müşahidə Şurasının üzvünün köməyi ilə hər kəsə yerini göstərən idman direktoru de-fakto ondan sonra klubda ikinci şəxsə çevrilib.

Qəhrəmanov komanda barəsində bütün informastyaları ondan alır. Eləcə də Əzizovun verdiyi məsləhətlərlə kifayətlənir.

Bu ikilinin qarşılıqlı işbirliyi məşqçi korpusunun və futbolçu heyətinə də müsbət təsir edir. Artıq onlar bilirlər ki, bir problem çıxanda kimin qapısını döymək, kimdən kömək istəmək lazımdır.

Əzizovun qapısı işdə olduğu müddətdə hər birinin üzünə açıqdır. Düzdür, Zaur bəy ona gərəkən söhbətləri həmişə öz kabinetində eləmir, ancaq şəraitin imkan verdiyi çərçivədə çalışır ki, nə şiş yansın, nə də kabab.

O. yalan danışa, gülə-gülə hamını yola verə bilər, sadəcə, elə edir ki, kollektiv daxilində özünə düşmən qazanmasın. Samir Abasovu necə yola saldı, xatırlayın.

Çempion olmuş baş məşqçi elə getdi ki, görürsüz, necə aydır mətbuata danışır, əmbə idman direktoru haqda kəlmə də kəsmir. Nə yaxşılığına, nə də pisliyinə.

Çünki Əzizov Qəhrəmanovun teatr adamına bənzətdiyi Abasovu Müşahidə Şurasının əliylə bağ evində yer belləməyə göndərdi.

Bu gün isə o, komandanı Kamran Quliyevdən qoruyur. Hələlik bu çətin vəzifənin öhdəsindən gəlir.

Klub prezidenti əvvəlkilərin vaxtında tez-tez paltardəyişmə otağında görünür, bir şeylər danışır, yerinə yetirə bilməyəcəyi vədlər verir, sonra da çıxılmaz vəziyyətdə qalırdı.

Hətta məşqçi və futbolçuların öz aralarında həll etməli olduğu işlərə qarışır, qaş düzəldən yerdə vurub göz çıxarırdı.

Vitse-prezident Elnur Eyvazovun bu kimi hallarda barışdırıcı duruşu az olmayıb. Zaur Əzizov isə şərti şumda kəsib, Zaur Qəhrəmanova başa salıb ki, səlahiyyət bölgüsü aparılmasa, eniş tezliklə dibə vuracaq. O bölgü artıq danışılıb və bitib.

İdman direktoru bütün bu çalışmalarının sayəsində Regekampf və futbolçulara özünü əsas rəhbər şəxs kimi qəbul etdirib. Yeni oyunçular bazada Kamran Quliyevlə üz-üzə gələndə, bəlkə də heç bilmirlər ki, o, klubun prezidentidir.

«Patron» dedikləri şəxs Zaur Əzizovdur. Sevimli «patron» da öz nöbəsində baş məşqçi üçün «çətir» rolunu oynayır. Rumıniyalı idman direktoru ilə demək olar hər mövzuda məsləhətləşir.

Taktikadan tutmuş ta əsas heyətin müəyyənləşdirilməsinə qədər. Regekamf Əzizovun rəyini nəzərə almağı özünə borc bilir, sözlərini qulaqardına vurmur.

Belə deyək, Samir Abasovun "səhvlər"ini təkrarlamır.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti