“Kimə deyək? Kamran Quliyevə?” – “Neftçi” camiəsi ölkə Prezidentindən kömək istəyir

6 Sentyabr 2022 16:40 Neftçi 808
“Kimə deyək? Kamran Quliyevə?” – “Neftçi” camiəsi ölkə Prezidentindən kömək istəyir

Bir neçə gün öncə bir qrup “Neftçi” azarkeşinin ölkə başçısı İlham Əliyevə məktub ünvanlamasından xəbərdarsınız.

Ağ-qara rənglərə könül vern stajlı fanatlar cənab Prezidentə ünvanlanan müraciətdə “Neftçi”nin nəticələrindən məmnun olmadıqlarını bildirmiş, klub rəhbərliyində dəyişikliyin zəruriliyini qeyd etmişdi.

Klubun əsas azarkeş qruplarından olan “Forza Neftçi” sosial şəbəkə hesabında məlumat yayaraq, məktubla yaxından-uzaqdan əlaqələrinin olmadığını bildirməklə komandanın hazırkı durumundan razı qaldıqlarına işarə vermişdi.

Belə məqamda müstəqillik tarixinin “Neftçi”sinin ən yaşlı azarkeş qrupu olan “Flaqman Neftçi”nin mövqeyini öyrənmək maraqlı idi.

Odur ki, qrupun təsisçisi və prezidenti Ceyhun Bədəlzadə ilə əlaqə saxlayıb baş verənlərə münasibətini öyrəndik:

“İki gün öncə “Flaqman Neftçi”nin İdarə Heyətinin 7 nəfərdən ibarət iclası keçirildi. Ölkə başçısına məktub ünvanlayan azarkeşləri şəxsən tanımasam da, qiyabi tanışlığımız var.

İclasdakı ümumi müzakirələrdən sonra həmin fanatlarla həmfikir olduğumuz bilindi. Biz onları dəstəkləyirik.

Bu gün “Neftçi”də baş verən proseslərə, yürüdülən siyasətə və görülən işlərə mütləq və mütləq müdaxilə olunmalıdır.

Müdaxilə və kömək edə biləcək şəxs isə cənab Prezidenti İlham Əliyevdir. Klubun hazırkı rəhbərliyində yer alan şəxslər və məşqçilər heyəti büsbütün dəyişilməlidir.

Dərdimizi kimə deyək? Görün, komanda hansı vəziyyətə düşüb? Sadıq Sadıqovun dönəmində necə idi?

Uğursuzluq olanda gedib dərdimizi deyirdik, problemləri göstərirdik, yoluna qoyurdular. Azarkeşin səsini eşidirdilər. İndi kimə deyək? Kamran Quliyevə?”

Azarkeşləri narazı salan əsas məqam heyətin tez-tez dəyişdirilməsi və xərclənən pulların qarşılığında komandanın avrokuboklarda uğurlu nəticələrə imza ata bilməməsidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"