“Neftçi”də onu göndərmək üçün QURULAN PLAN

5 Sentyabr 2022 21:00 Neftçi 2 513
“Neftçi”də onu göndərmək üçün QURULAN PLAN

“Neftçi”nin hər transfer dönəmində hansısa uğursuz legioner(lər) olur.

Ötən ilin yayından bu yana komandaya fayda vermədən ağ-qara formanı geyinib, sonradan yola salınan bir neçə əcnəbi futbolçunun adına rast gəlmişik.

Mövsüm başa çatandan sonra Gilyerme Patoya da eyni münasibətin göstəriləcəyini düşünürdük.

Qışda Braziliya klubuna ödənilən transfer məbləği qarşılığında Azərbaycana gətirilən, özünə də yaxşı maaş təklif olunan 21 yaşlı gənc istənilən effekti vermədi.

Samir Abasov ilk vaxtlarda ona əsas heyətdə şans versə də, “Neftçi”nin səviyyəsinə uyğun olmadığını görüb yanında əyləşməyə məcbur etdi.

Düşünürdük ki, Laurentsiu Regekampf “Neftçi”nin skautlarının Patoda gördüyü istedadı kəşf edib ona güvənər. Amma bu dəfə də olmadı.

Rege “Sumqayıt”la oyunsonrası mətbuat konfransında bəndənizin Gilyerme ilə bağlı sualına verdiyi cavabla hamını məsələdən agah etdi:

“Komandada rəqabət böyükdür. Kim hazırdırsa, ona da şans veririk. Bu oyun üçün planlarıma daxil deyildi deyə, adı iştirak ərizəsinə salınmamışdı”.

Rumın çalışdırıcının dediklərindən sonra əlavə şərhə gərək qalmır. Legionerlər arasında ən çox pul alan 5 futbolçudan biri olan “sambaçı”ya “23-lük”də də yer tapılmırsa, deməli, bu adam əsas komandaya artıqlıq edir.

Patonu ilin-günün bu vaxtında göndərmək müşkül məsələdir. Adam yanvarda 3 illik “yağlı” müqaviləyə qol çəkib, hələ qarşıda 2,5 ili var.

Klub rəhbərliyi ilə baş məşqçi onu əsas heyətdən, hətta “23-lük”dən də kənar qoymaqla bezdirməyə, “Neftçi”dən qaçmasına şərait yaratmağa çalışır.

Ki, bəlkə daim oynamaq xatirinə özü öz xoşu ilə “Neftçi”ni tərk edər, bəxtini başqa ölkədə, başqa komandada axtarar.

Amma o, bunu etməyəcək. Çünki bu cür imkan hər fürsətdə ələ düşmür. Hətta Pato cavanlığına salıb getmək istəsə belə, agenti onu başa salacaq, havayı pulun nə demək olduğunu izah edəcək . Pul da, o qədər şirin olur ki...

Yəqin ki, “Neftçi” rəhbərliyi sponsorlarla üzbəüz görüşmədə Patoya xərclənən yüzminlərin hesabatını verəcək. Daha doğrusu, verməlidir. Siyahıda Harramiz Soareş, Huqo Basto, Xorxe Korrea kimi faydasızlar da var.

Gilyerme Pato “Neftçi”də olduğu 9 ayda bütün yarışlarda 20 oyunda forma geyinib ki, vur-tut 762 dəqiqə meydanda olub və 1 qola imzasını yazdırıb.

Regekampfın dönəmində 5 matçda cəmi 108 dəqiqə top dalınca qaçıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti