
«Forza Neftçi» azarkeş qrupunun liderlərindən Səccad Abasov Sportinfo.az-a məktub ünvanlayıb.
Fanklubun aparıcı siması burada son vaxtlar paytaxt təmsilçisini əhatə edən söz-söhbətlərə münasiəbt bildirib.
O, məktubda bunları qeyd edib:
«Bizim Azərbaycan tribunasında ağırlığımız hər kəsə məlumdur. Kimləri göndərmişik, kimlərə dəstək olmuşuq, hər kəs görüb.
Premyer Liqada mövsüm yeni başlayıb və «Neftçi»mizin çıxışı hələlik qənaətbəxşdir. Amma bu, kimlərəsə xoş deyil və "qarayaxma kompaniyası" başladıb.
"Forza Neftçi" olaraq, hər zaman ədalətli qərarlar verib, mövqeyimizi tribunada və ondan kənarda da nümayiş etdirmişik.
Bizim məqsədimiz "Neftçi" və "Forza Neftçi" adlarını daim yan-yana yaşatmaqdır. Yeri gəlib, cibimizdəki son pulumuzla səfərə getmişik, yeri gəlib, bir-birimizlə çörəyimizi bölmüşük.
İndi kimlərsə çıxıb bizim əziyyətimizi yerə vurmağa çalışır, amma buna icazə verən deyilik. "Forza" çox zərbələr alıb, amma yenə də dimdik ayaqdadır.
Xülasə, yalan məlumatlarla nə kiminsə bizə qarşı fikri dəyişəcək nə də biz tutduğumuz yoldan dönəcəyik.
Onlara demək istəyirəm ki, siz isti evinizdə oturmağa davam edin, tribunalar isə bizimdir. Biz azarkeşin səsini eşitdirəcəyi yerdən səsimizi eşitdiririk!".