5-ci turun maraqlı qarşılaşmalarından biri, bəlkə də birincisi “Bakcell Arena”da baş tutacaq.
Avrokubok mübarizəsini erkən dayandıraraq çempionatdakı yoluna 3 qələbə ilə davam edən “Neftçi” cari mövsümdə sözün pis mənasında təəccübləndirməkdə davam edən “Sumqayıt”ı qəbul edəcək.
Bu oyunla bağlı diqqətçəkən məqamlar var ki, xüsusi “nöqtələr”ə toxunacağıq.
Rege Musayevə boyun əydi, sırada Baqadır
Vacib amillərdən biri hər iki komandanın “sükanı” arxasında əcnəbi çalışdırıcıların dayanmasıdır. Matç təkcə “Neftçi” – “Sumqayıt” dueli yox, həm də Rumıniya və Belarusdan olan məşqçilərin mübarizəsi kimi diqqət mərkəzində olacaq.
Laurentsiu Regekampf Premyer Liqadakı ilk əcnəbi duelində Murad Musayevli “Sabah”a boyun əyməklə yadda qalıb. Bu dəfə Aleksey Baqalı “Sumqayıt” önündə məşqçi bacarığını oryaya qoymağa çalışacaq. Çempionatın 3 legioner məşqçisindən 2-sinin mübarizəsi səbrsizliklə gözlənilir.
“Neftçi”ni gözləyən təhlükə
Bəlkə də rumın çalışdırıcı “Sumqayıt” adının “Neftçi”lilər üçün hansı məna kəsb etməsindən xəbərsizdir. Mütləq ki, klubda çalışanlar onu yaxın keçmişdə yaşananlardan məlumatlandırıb.
Artıq neçə illərdir “kimyaçılar” “ağ-qaralar” üçün qorxulu röyaya çevrilib. “Neftçi” ən yaxşı vaxtlarında belə, bu rəqib önündə çətinlik çəkir. Həm də təkcə “Kapital Bank Arena”da yox, elə özlərinə doğma olan “Bakcell Arena”da da.
Son 2 ildə komandalar arasında 8 matç keçirilib ki, bunlardan 3-də bakılılar qələbə qazanıb, 2-də sumqayıtlıların üzü gülüb, digər 3 qarşılaşma heç-heçə başa çatıb.
İşin maraqlı tərəfi “Bakcell Arena”nın “Sumqayıt” üçün düşərli olmasıdır. Son 2 mövsümdəki 4 görüşdə qonaqlar 2 dəfə qalibiyyət sevinci yaşayıbsa, 1 oyunda hesab açılmayıb. “Neftçi” 1 matçda 3 xala sevinib ki, bu da çətinliklə əldə olunub -2:1.
“Bakcell Arena”dakı son 4 oyunda “kimyaçılar” rəqib qapısından 5 top keçirdiyi halda, “ağ-qaralar” 1 dəfə sevinib.
Regekampfın acı statistikadan xəbərdar olduğuna adamın inanmağı gəlmir. Yəqin ki, biri ona doğma meydandakı son 4 oyunda nələrin yaşandığını başa salar.
Məğlubiyyət fəsadı ağır olacaq
“Sumqayıt”ın başda prezidenti Riad Rəfiyev olmaqla baş məşqçisi Aeksey Baqa və futbolçuları bu görüşün yekun nəticəsinin hansı önəm daşıdığını yaxşı bilir.
Yayda 8 legionerlə güclənən komandanın qarşısına avrokuboklara vəsiqə hədəfi qoyulsa da, sumqayıtlılar 4 oyundan cəmi 2 xal toplayıb, üstəlik, rəqib qapılarına 1 dəfə də olsun yol tapmayıb.
“Neftçi”yə məğlubiyyət “kimyaçılar”a turnir cədvəlindəki mövqe baxımından ciddi zərbə olacaq. “Şamaxı”, “Səbail”, “Turan Tovuz” və “Zirə” kimi rəqiblərin “Sumqayıt”dan uzaqlaşmaq şansı kifayət qədər real görünür.
Baqanın yetirmələri bugünkü oyundan ən pis halda heç-heçə ilə ayrılmasa, komanda üzvlərindəki psixoloji gərginliyi aradan qaldırmaq belaruslu mütəxəssis üçün müşkülə çevriləcək.
HƏBİB

