“Neftçi”dən qaranlıq cavab gəldi: Unutqanlıq, yoxsa tarixi silmək istəyi?

31 Avqust 2022 19:40 Neftçi 2 204
“Neftçi”dən qaranlıq cavab gəldi: Unutqanlıq, yoxsa tarixi silmək istəyi?

2012-ci ilin avqustun 30-dan 31-nə keçən gecə Azərbaycan futbolu adına bir ilk yaşanmışdı.

“Neftçi” Avropa Liqasının pley-offunda Bakıda 1:1 bərabərə qaldığı APOEL-i məhz həmin gün Kiprdə 3:1 hesabı ilə məğlub etməklə qrup mərhələsinə vəsiqə qazanmışdı.

Bu il həmin tarixi hadisənin 10 ili tamam oldu.

Lakin nədənsə avqustun 30-da “Neftçi”nin sosial şəbəkə hesablarında malum uğur yada salınmadı, paylaşım edilmədi.

Yaranmış vəziyyət müzakirələrə yol açdı ki, səbəb kimi “Neftçi”nin indiki rəhbərliyinin tarixi uğuru unutdurmaq istəyi göstərilirdi.

Nəticədə avqustun 31-də “Neftçi”nin sosial şəbəkə hesablarında paylaşım edildi.

Unutqanlıq, yoxsa diqqətsizlik? Tarixi silmək istəyi, yoxsa uğuru qəbul edə bilməmək?

Məsələyə aydınlıq gətirmək üçün klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi aradıq.

Məlum oldu ki...:

“Hansısa unutqanlıqdan, diqqətsizlikdən, yaxud tarixi silmək istəyindən söhbət gedə bilməz. Doğru yanaşma deyil.

Xüsusi günlər və paylaşımlarla bağlı mövsümlük plan tutur və ona uyğun addım atırıq. “Neftçi”nin məlum uğuru da planda var idi və avqustun 31-nə nəzərdə tutulmuşdu.

Niyə bu günə? Çünki hakimin final fiti Bakı vaxtı ilə avqustun 31-nə təsadüf etmişdi. Yəni insanlar avqustun son günündə sevinmişdi. Ona görə də tarix olaraq 31-ni götürürük.

Məndən əvvəlki dönəmdə də paylaşımlar avqustun 31-də edilib. Biz də ənənəyə sadiq qalaraq yola bu cür davam edirik.

Bu, “Neftçi”nin uğurudur, ona görə də xoş hadisə klubumuzun adı ilə bağlıdır. Yenə deyirəm, hansısa diqqətsizlikdən söhbət gedə bilməz”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti