Böyük qalmaqalla "Neftçi"yə gələn futbolçunun parlaq bu günü...

31 Avqust 2022 23:00 Neftçi 1 684
Böyük qalmaqalla "Neftçi"yə gələn futbolçunun parlaq bu günü...

Eddi İsrafilov - Azərbaycan milli komandasına cəlb olunanda da, “Neftçi”nin rənglərinə bürünəndə də ictimaiyyət tərəfindən bəyənilməyən adam.

Atası anqolalı, anası azərbaycanlı olan futbolçunun bu gün milli komandaya gəlişindən yox, “Neftçi”dəki dünənindən və bu günündən danışacağıq.

İspaniyada dünyaya göz açan futbolçunun 11 illik peşəkar futbol karyerası da bütünlüklə bu ölkəyə məxsusdur.

Təbii ki, “Neftçi”yə gələnə kimi.

Amma onun “Neftçi”yə gəlişi böyük rezonansa səbəb olmuşdu. Ki, ölkəmizin 44 günlük haqq savaşında Eddi, sadəcə, seyirci mövqeyində qalmışdı. Ardınca anasının oğlunun səssizliyinə haqq qazandırması təbii olaraq birmənalı qarşılanmırdı.

Paytaxt klubuna gəlişinə kimi, o, milli komandada intizamsızlıq etdiyi üçün artıq Azərbaycan yığmasına da dəvət almırdı.

Bir ilə yaxın klubsuz qalan, ondan əvvəlki bir neçə ayda da o qədər çox forma şansı qazanmayan, millidəki karyerasının üzərindən xətt çəkilən birinin üzərindən bu qədər də mənfi söhbətlər müzakirə olununca onun “ağ qara” formada özünü doğruldacağı inandırıcı görünmürdü.

Lakin arxada qalan 7 ayda 30 yaşlı futbolçu özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. "Neftçi" fanatlarının böyük üzüntüsü ilə “Olimpiakos”a transfer olunan Mamadu Kanenin bu gün yada düşməmə səbəbi də odur.

Eddi qısa müddətdə təmsilçimizin əsas heyətində möhkəmlənə bildi. Artıq bu gün Eddini əminliklə “Neftçi”nin vazkeçilməz siması saya bilərik.

Birə-bir mübarizələrdə keçilməz olan oyunçu hücum fazasında da komandasına faydalılıq əmsalı yüksəkdir. İşi daha çox dağıtmaq olan İsrafilovun texniki bacarğının yüksək olması bunda böyük rol oynayır.

Əbəs deyil ki, meydana çıxdığı 23 oyunda adını 4 dəfə qol müəllifi kimi tabloya yazdıra bilib.

Fiziki cəhətdən möhkəm olan dayaq yarımmüdafiəçisi, mövqeyinə görə lazım olan döyüşçü ruhuna da sahibdir.

Eddinin “Neftçi”də kəşf olunan daha bir xüsusiyyəti liderlik qabiliyyətinin olmasıdır.

Hər keçən gün futbolçu “Neftçi”nin yükünü daha çox daşımağa başlayır. Uduzmağı sevməyən, bəzən aşırı aqressivləşən, tez-tez tribunları jestləri ilə cuşa gətirən futbolçu azarkeşlərin sevimlisinə çevrilməyi bacarıb.

Əgər belə davam etsə, yəqin ki, “Neftçi” tarixində də hələ uzun müddət xatırlancaq futbolçu kimi qala biləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti