Regekamf “Neftçi” ilə müqaviləyə imza atanda, hara gəldiyini bilmirdi?

23 Avqust 2022 14:40 Neftçi 2 522
Regekamf “Neftçi” ilə müqaviləyə imza atanda, hara gəldiyini bilmirdi?

“Neftçi”nin baş məşqçisi Lorentsiu Regekamf deyib ki, “Sabah”a məğlubiyyət həm onun, həm də futbolçuları üçün utandırıcıdır.

Rumıniyalı hansı ağılla, hansı məntiqlə bu fikri dilinə gətirib, çox maraqlıdır.

Yəqin ki, bu sualı növbəti mətbuat konfransında ona ünvanlayan olacaq.

Bəlkə də Regekampfı bura dəvət edənlər adamı inandırıblar ki, bəs Azərbaycanın ən yaxşı və ən güclü klubuna gəlirsən. O da tənbəllik eləyib, Premyer Liqamızın son 10 ildəki statistikasına göz gəzdirməyib.

Cədvəllərə bir-bir baxsaydı, görərdi ki, “Neftçi” bu illər ərzində cəmi 1 dəfə çempionluq taxtına əyləşib, o da ki, sırf “Qarabağ”ın öz səhlənkarlığı ucbatından.

“Sabah”ə məğlubiyyət, əslində, təbiidir. Reregekamf 1:2-yə belə reaksiya verməkdənsə, rəqibinin qələbəsini kiçiltməkdənsə, 2 ay müddətində gördüyü, daha dəqiqi, görmədiyi işlərə baxsın.

Futbolçusu var, hər cür şəraiti var, di gəl, komandası yoxdur, yarada bilməyib.

“Neftçi” komanda oyunu oynamır, neçə vaxtdır izləyirəm, hələ də tutmamışam ki, Regakmpf onlardan nə istəyir, hansı taktika ilə hədəfə çatmaq niyyətindədir.

Hücum futboluna üstünlük verdiyini deyirdilər, deyiləni meydanda görmürük.

Müdafiə xətti əsas rəqiblərindən biri ilə qarşılaşmada nəticəyə təsir göstərən 3 ciddi səhvə yol verirsə, bunin təqsiri yalnız futbolçuların “ayağına yazılmamalıdır”.

Sadə quruluşlu əks-hücumlar zamanı “Neftçi”nin arxə zonası pərən-pərən düşür, kim harada dayanacağını, nə edəcəyini bilmir, başını itirir – görünür,

Regekamf bunları məşqlərdə onlara anlatmayıb. “Rapid” səfərində də belə, Masazır səfərində də belə. Day, nə oldu!

Bildiyim qədərilə, rumıniyalının futbolçularla münasibəti yaxşıdır, insanı cəhətdən özü barədə onlarda müsbət rəy formalaşdırıb.

Fəqət, bu, meydana sirayət etmir. Gəldiyim nəticə ondan ibarətdir ki, Regekampf işinə barmaqarası yanaşır.

Görünür, klub rəsmilərinin kabinetində daha çox vaxt keçirir, nəinki komanda ilə. Ya da keçmiş xanımı Anamariya Prodanla yaşadığı məhkəmə çəkişməsinin şokunu hələ də başından ata bilməyib.

Ya da ki...

“Neftçi”yə, sadəcə, vaxt keçirmək, pul qazanmaq üçün gəlib. Axı o, son 11 ildə 17 klub dəyişib, getdiyi hər yerdən vaxtından əvvəl uzaqlaşdırılmağa və təzminat almağa öyrəşib.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti