"Neftçi" Premyer Liqadakı ilk ciddi sınağındaca büdrədi.
Əslində 78 dəqiqə hər şey Regekampfın istədiyi kimi gedirdi. Düzdü, oyun olaraq komanda rəqibinə uduzurdu. Dominantlıq meydan sahiblərində idi. Bu da hardasa başadüşüləndi. Çünki həm meydan sahibi olması, həm də tribunadakı azarkeş çoxluğu "Sabah"a müəyyən üstünlük verirdi. Amma əsas məsələdə - hesabda qonaqlar uzun müddət irəlidə oldu.
Hətta fərqi artırmaq üçün də komandanın yetəri qədər şansları oldu. Gah rəqib qapıçı, gah da qeyri-dəqiqlik buna mane oldu.
Vaxt daraldıqca Murad Musayevin yetirmələrinin təzyiqi artırdı. Bunun üçün rusiyalı mütəxəssis öncə Ceyhun Nuriyevi, ardınca Emmanuel Apehi döyüşə atdı. Təbii ki, yeni qüvvə yeni nəfəs gətirməyi bacardı. Ki, nəticə olaraq da bərabərlik qolu gəldi.
"Ağ qaralar"da isə tükənən nəfəsi yeniləməyə kimsə yox idi. Bunun fərqində olan Rege ilk onbirliyə əl vurmağa risk etmirdi. Yalnız bərabərlik qolundan sonra əcnəbi mütəxəssis buna məcbur qalaraq Vato Arvoladzeni meydana buraxdı.
"Neftçi"nin oyundakı yeganə əvəzetməsinə kimi isə "Sabah" 80-cı dəqiqədə növbəti ikilini - İldar Alekperov və Tellur Mütəllimovu meydana buraxmışdı. Məqsəd cinahları daha da aktiv etmək idi. Musayev istəyinə çatdı deyə bilərik. Sol cinahdan gələn sürətli hücumun davamında Brkiç Apehin qarşısın kobudluqla dayandırmalı oldu. Növbəti penal, növbəti qol və "Sabah" hesabda önə çıxdı - 2:1.
4 əvəzetmə ilə komandanın gücünü bitməyə qoymayan Musayevin komandası qalan dəqiqələrdə bir qədər diqqətli olsaydı növbəti qolları vura bilərdi.
Meydan sahiblərinin baş məşqçisi də oyunsonrası mətbuat konfransında taktikanın ikinci planda olduğunu, meydanda döyüş getdiyini etiraf etdi. Döyüşmək üçün də güc lazımdır. Bu da birbaşa ehtiyat qüvvədən asılıdır. O isə "Neftçi"də yox kimidir.
Elə matçın taleyini də bu məqamın həll etdiyini demək olar.Təcili yeni transferlər olmasa, hazırkı ehtiyat qüvvə ilə hələ çox oyunda "Neftçi"nin xal(lar) itirməsinə şahidlik edəcəyik.
XANOĞLAN İMANOV

