Karyerasının ŞOKunu yaşayan “Neftçi”nin idman direktoru bu gün istefa ərizəsi yazsa... VİDEO

22 Avqust 2022 11:40 Neftçi 2 063
Karyerasının ŞOKunu yaşayan “Neftçi”nin idman direktoru bu gün istefa ərizəsi yazsa... VİDEO

Zaur Əzizov “Neftçi”yə kabab iyinə gəlməmişdi.

“Qəbələ”dən ayrılanda təxmin edirdi ki, onu yeni iş yerində nə(lər) gözləyir.

Təbii ki, 10 min manat maaşı nəzərdə tutmuruq. Vaxt olub, bu qədər puıu 1 saatın içində qazanıb və xərcləyib. Sozümün canı başqadır...

9 ay bir igidin ömrüdür. Zaur Əzizov isə bu 9 ayda məsuliyyətini üzərinə götürdüyü işin öhdəsindən gələ bilməyib.

Uğursuz bir mövsüm keçirdi – həm Premyer Liqada, həm də ölkə kuboku urunda yarışmada. Avrokuboklar da onlar üçün erkən bitdi.

Elə ikinci mərhələdə mübarizəni dayandırıb, Avropanın ən aşağı reytinqli turniri olan Konfrans Liqasından atıldılar.

Bunun davamı indi yenə Premyer Liqada gəlir. “Sabah”a məğlubiyyətin ağrı-acısını idman direktoru bu gün öz üzərində (belində, başında, kürəyində) hiss edir.

Sübut?

Təqdim etdiyimiz bu videoya diqqətlə baxın.

18 ilə yaxındır klub sektorunda çalışan, futbolun hər üzünü görən, fəaliyyəti ilə barəsində “bilmədiyi şeyə qurd düşər” fikrini beyinlərə həkk etdirən Z.Əzizov görün nə hallara qalıb! Bu təbii səhnədir, onun daxili aləminin gözlər önünə sərən mənzərədir.

Ruhsal halından görünür ki, “Neftçi”də sıxılır, kimlərsə, nələrsə onu qısnayır, küncə tərəf itələyir. Və ayrılığın yeri va vaxtı barədə düşünür.

Əzizov təcrübəli və peşəkar kadrdır. Azərbaycanda istənilən klubu rahat-rahat idarə etmək potensialındadır.

Bunu illərlə çalışdığı “Qəbələ”də isbatladı. “Neftçi”yə gələndən sonra isə onda heç nə alınmır. Zaur bəyə məsləhət görərdim ki, ürəyinin səsinə qulaq assın, istefa ərizəsi yazmağı gecikdirməsin.

O, 10 min manatı yenə qazana bilər. Amma bu gün “Neftçi”də itirmək üzrə olduğu müsbət reputasiyanı bir də bərpa etməsi çətin məsələdir.

Ziyanın yarısından dönsün, yoxsa bir müddət keçəndən sonra el-aləm üzərinə yürüyəcək, “nə oldu, bəs söz vermişdin” deyib, yaxasından yapışacaq.

Hazırkı durumda ən təhlükəsiz durumda olan Kamran Quliyevdir. Ona nə var, cavabdehliyi qoyub idman direktorunun boyununa, özü də çəkilib dağlara.

Uğursuzluğun ardı gəlsə, rəhbərliyə də, azarkeşlərə də çıxıb deyəcək ki, mənlik heç nə yoxdur, komandaya məsul adam Zaur Əzizovdur, çağırın, hər şeyi ondan soruşun.

K.Quliyev klub prezidenti postunu qorumaq ücün 9 aydır çox çeydən imtina edib, o cümlədən, transfer əməliyyatlarında iştirakdan.

Zamanında işini bildi, Z.Əzizovu “mövsümün ən uğurlu transferi adlandırdı” adlandırdı, bununla onun qoltuqlarının altını qarpızla doldurdu, bu gün də bir qədər kənardan hadisələrin gündəlik inkişafını izləyir.

“Nefçi” kimi bir neçə patronu olan klubda od-alovun içinə atılan Z.Əzizova səbr arzulamıram. Day səbrdən də keçib! Ayrılmaq üçün ən münasib gün bugündür.

Xəzər Hikmət

Həmin görüntüləri bu linkə daxil olaraq izləyə bilərsiz:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti