Avqustun 18-də Konfrans Liqasında pley-off mərhələsinin oyunlarına start verildi.
İlk qarşılaşmalar göstərdi ki, "Zirə" və "Qəbələ", doğrudan da, güclü rəqiblərə tuş gəlib, onların mübarizəni dayandırması tam təbiidir.
Belə ki, «qartallar»la üz-üzə gəlmiş "Makkabi" (Təl-Əviv, İsrail) bu dəfə "Nitsa"nı (Fransa) üstələyib - 1:0.
«Qəbələ»ni yolunun üstündən kənarlaşdırmış "Fehervar" (Macarıstan) isə Almaniyada "Köln"ə gücünü göstərib - 1:2
«Neftçi»nin öhdəsindən gəlmiş "Rapid" (Avstriya) Lixtenşteyndə "Vaduts"la 1:1-ə razılaşıb.
Bu nəticələri göz gəzdirincə, bir daha əmin olursan ki, Konfrans Liqasındakı təmsilçilərimiz arasında ən real şansı «Neftçi» qaçırıb.
Bakıda 2:1 hesmabıyla qalib gələn, Vyanada əlavə vaxtda buraxdığı qolla əl-qolu yanına düşən «ağ-qaralar»ın halına içdən acıyırsan.
Püşk həqiqətən paytaxt klubunun üzünə gülmüşdü. «Aris» kimi, «Rapid» də sıradan rəqib idi. «Vaduts»u da şişirtməyə dəyməz.
Nə olsun ki, «Vaduts» Biləcəri boyda Lixtenşteynin komandasıdır və III təsnifat mərhələsində Türkiyədən «Konyaspor»a «qamçılayıb».
İstənilən halda, «Neftçi»lilər bəxtindən, şansından gileylənməməli, öz-özünü günahlandırmalıdır.
Həmin gecə «Neftçi»nin iştirakı ilə keçirilməli idi və belə olmaması klub rəhbərliyi də daxil, kollektivdə yer alan hər bir fərdin passivinə yazılmalıdır.
«Vaduts»lə «Rapid»in duelini izləyənlər, yəqin ki, gözəl futboldan bəhs etməyə utanar. Baxımlı oyun deyəndə, ağlımıza və gözümüzün önünə nələr gəlirsə, bu elementlərin heç birini dünənki qarşılaşmada görmədik.
«Neftçi» avrokuboklara bir qədər tez və daha 1-2 yaxşı transferlə başlasaydı, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq qətiyyən çətinlik törətməyəcəkdi.
Kim deyirsə ki bəxt gətirmədi, çoxsaylı qol epizodları boşa getdi, ehtiyat skamya qısa oldu, nə bilim, top qapı tirinin 2 sm yuxarısına dəydi,
2 sm aşağıya toxunsaydı, elə olardı, belə olardı... Bunlar, sadəcə, iz azdırmaq, uğursuz çıxışa qısa don biçməkdən başqa bir məqsəd daşımır.
Burada niyyət Zaur Əzizov başda olmaqla, komandaya məsul şəxslərin öz işlərinin öhdəsindən gəlməməsini ört-basdır etməkdən savayı heç bir niyyətə xidmət etmir.
Zaur Əzizovun ötən ilin dekabrında «Qəbələ»dən «Neftçi»yə keçidi baş tutanda, klubun prezidenti Kamran Quliyev yeni təyinatı «ilin ən uğurlu transferi» adlandırmışdı.
Aradan 9 aya yaxın müddət ötür və zaman Kamran Quliyevi haqlı çıxarmır.
“Qəbələ”də çalışdığı müddətdə göstərdiyi xidmət və əldə etdiyi yüksək nəticələrlə böyük rəğbət qazanan Z.Əzizov, təəssüf ki, həmin uğuru yeni iş yerində təkrarlaya bilmir.
İndi o, imicini xərcləməklə məşğuldur. 9 aya yaxındır öz “kisə”sindən yeyən idman direktoru bu müddətdə çoxlu “qan itirib”.
Komanda əvvəlcə böyük xal fərqi ilə Premyer Liqanın çempionluq titulunu “Qarabağ”a təhvil verib. Ardınca “ağ-qaralar” ölkə kubokunda “Zirə”yə yenik düşərək, mübarizəni yarımfinal mərhələsində dayandırıb.
İyunun əvvəlində Samir Abasovun istefaya göndərilməsi ilə yaranan qalmaqal, həmçinin yeni baş məşqçi təyinatı ətrafında yaranan söz-səhbətlər, Lorentsiu Regekampfın personasına birmənalı olmayan münasibət Z.Əzizovun passıvinə növbəti “qara nöqtələr”i əlavə etdi.
O, nəyəsə və kimlərinsə prinsipinə görə öz üzərinə düşən işi vaxtında yerinə yetirmədi, masa üzərində təhlükəli oyun oynadı.
Çanaq isə yenə “Neftçi”nin başında çatladı, onun azarkeşlərini dərindən sarsıtdı. Z.Əzizov görəvə gələndən 10-dan artıq futbolçu əməliyyatı həyata keçirib.
Yüz əyri bir doğrunu kəsə bilməz: komanda avrokuboklarla erkən vidalaşırsa, uğurlu transfer siyasətindan bəhs etmək hansı məntiqə sığır?
Ayrı-ayrı oyunçular yaxşı təsir bağışlaya bilər, amma bu, əsas götürülə və göstərilə bilməz. Əsas oyundur, əsas nəticədir.
Bunların heç biri yoxdursa, SOCAR-dakı səlahiyyət sahibləri Z.Əzizovun fəaliyyətinə qiymət verməyi geçikdirməməli, prosesi diqqətdə saxlamalı, problemlərin kökünü araşdırmalıdır.
İdman direktoru son vaxtlar gözə dəymir. Onun ancaq sorağını alırıq. Nə çıxıb ictimaiyyətə “Neftçi”nin uğursuzluğunun səbəblərini söyləyir, nə də hansısa mətbuat orqanının suallarını cavablandırır.
Yəqin ki, bu yazıdan sonra sükutu nisbətən pozacaq, xala-xətrin qalmasın deyə, özünə yaxın bildiyi media qurluşunun “ütülü sualları”na diplomatik cavablar verəcək, bununla, çulunu sudan quru çıxarmağa çalışacaq.
Təbii, bir müddətə kimi. “Neftçi”də nəticə vermədən qalıb işləmək mümkün deyil. Zaur Əzizov bunu bilmirsə, özündən əvvəlki funksionerlərin aqibəti ilə tanış olsun. “Gözü çıxmış qardaş” söhbəti ona da aiddir.
SPORTİNFO.AZ

