
Futbol ictimaiyyəti “Neftçi”nin avrokuboklardakı çıxışını kəskin tənqid edir.
Səfərdə “Rapid”ə məğlub olaraq (0:2) Avropa Konfrans Liqasında mübariəni dayandıran “ağ-qaralar” gündəmin aktual klubudur.
Oyun başa çatandan bu yana xeyli sayda futbol adamı, millət vəkili Fazil Mustafa, millinin skautu İlqar Qurbanov ölkənin ən köklü klubunun ünvanına təsirli fikirlər səsləndirib.
Növbəti bu cür tənqid Azərbaycan millisinin və “Neftçi”nin sabiq hücumçusu Ruslan Qurbanovdan gəlib.
Hazırda Rusiyada yaşayan forvard “feysbuk” hesabında bu sözləri yazıb:
“Çoxları hələ başa düşmür ki, hansı komandada oynayıb, hansı formanı geyinirlər.
“Rapid” – “Neftçi” oyununa baxıb, yeni transferlərdən şoka düşdüm. Adamlar qarşılarında heç kim olmayanda belə, qol vura bilmir.
Hücumçu haqqında susuram (Qodsvey Donyonu nəzərdə tutur – H.), məncə, o, futbolçu yox, yüngül atletdir. Unutmayın, “Neftçi” flaqmandır. Bəziləri o formanı geyinməyi haqq etmir.
“Forza Neftçi” azarkeş qrupu daha yaxşısını haqq edir, dünən gördüklərimizi yox”.
Ruslan Qurbanov ayrı-ayrı vaxtlarda “Neftçi”nin formasını geyindiyi 88 oyunda rəqib qapılarından 27 top keçirib. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb.
SPORTİNFO.AZ