Milyonları boş yerə xərcləyən “Neftçi” rəhbərliyinin bundan xəbəri var?

13 Avqust 2022 21:20 Neftçi 3 510
Milyonları boş yerə xərcləyən “Neftçi” rəhbərliyinin bundan xəbəri var?

“Neftçi” üçün daha bir avrokubok mövsümü vaxtından əvvəl başa çatdı.

Ötən ilin yayında Çempionlar Liqasında mübarizəyə qoşulub Avropa Liqasına yollanan, oradan Konfrans Liqasına düşən, yekunda Azərbaycan Premyer Liqasına qayıdan “ağ-qaralar”ın bu dəfə görüb-götürəcəyi Konfrans Liqasında cəmi bir mərhələ adlamaq oldu.

Avropanın ən az reytinqli, ən az qazanclı futbol turnirində cəmi bir mərhələ.

İşin burası məlumdur. Komanda udar da, uduzar da. Azarkeşləri özündən çıxaran bakılıların göstərdiyi nəticələrdir.

Təsəvvür edin, “Neftçi” ötən ilin yayından bu yana – Tbilisi “Dinamo”sunu udandan sonra – səfər matçlarında qələbənin nə olduğunu bilmir.

Statistik göstərici sözün əsl mənasında ürək ağrıdır.

Hər il məşqçi və futbolçulara milyonlar xərcləyən komanda son 5 səfər qarşılaşmasının hamısında uduzub. Həm də necə? Rəqib qapılarına 1 dəfə də olsun yol tapmadan.

“Olimpiakos” (Yunanıstan) – “Neftçi” 1:0

HİK (Finlandiya) – “Neftçi” 3:0

“Makkabi Hayfa” (İsrail) – “Neftçi” 4:0

“Aris Limassol” (Kipr) – “Neftçi” 2:0

“Rapid” (Avstriya) – “Neftçi” 2:0

5 oyunun hamısında məğlubiyyət və qapıdan buraxılan 12 cavabsız top.

Bakıdakı oyunlarda azarkelər olmasa, inanın, sevinən tərəf yenə rəqiblər olar. Sadəcə tribunaları yerindən tərpədən fanatların hesabına ara-sıra qələbə qazanmaq mümkün olur.

Yəqin ki, “Neftçi” kimi komandanın mövcud durumundan prezident Kamran Quliyevlə havadarları da xəbərdardır. Bu, görülən işin güzgüdəki qarşılığıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti