“Neftçi”nin prezidenti “Qarabağ”la oyunu “faciə” adlandırdı, “problemlər var” dedi

1 Dekabr 2021 16:20 Neftçi 1 154
“Neftçi”nin prezidenti “Qarabağ”la oyunu “faciə” adlandırdı, “problemlər var” dedi

“Neftçi”nin prezidenti Kamran Quliyev “CBC Sport” kanalında yayımlanan “Start” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbəri komandanın son oyunlardakı uğursuz çıxışından danışıb.

Quliyev "Qarabağ"a 0:4 hesabı ilə məğlub olduqları matçı faciə adlandırıb:

““Qarabağ"la oyun faciə idi. Emin Mahmudov matçın əvvəlində yaxşı zərbə vursaydı oyun tamam başqa tərzdə gedəcəkdi.

Top itkilərindən, öz səhvlərimizdən “Qarabağ” yararlandı. Bu səviyyədə olan oyunlarda səhvlər bağışlanmır. Epizodlara baxanda adam heyfslənir.

Sonrakı oyunlarda psixoloji stressə düşdüyümüzü, komandanın pis oynadığını deyə bilmərəm.

Biz hər zaman istəmədiyimiz nəticə qeydə alınandan sonra komandadaxili iclas keçiririk, futbolçuların psixoloji durumunu yaxşılaşdırmağa çalışırıq. "Keşlə" ilə matç bizim üçün çox yaxşı başlamışdı.

Qol vurduq, yaxşı oynayırdıq. Amma səhvlər ucbatından özümüz oyunu əldən verdik. “Sabah”la oyuna da yaxşı başlamışdıq. İlk hissədə tam dominant futbol oynadıq.

“Qarabağ”la oyun faciədi. Amma sonrakı iki matçda 6 xal itirmək bizim üçün çempionluq yolunda ağır zərbədi. Bu da arxayınlaşmanın nəticəsidi.

Məşqçilər korpusu və futbolçular bunun üzərində çalışıb nəticə çıxararaq belə şeylərin təkrarlanmaması üçün işlər görməlidir.

Çempionluq uğrunda mübarizə aparan komandanın belə faciələri olmamalıdır. Bir oyunda belə hal ola bilər.

Amma ard-arda iki matçda eyni hal təkrarlanırsa deməli, haradasa gözə görünməyən psixoloji gərginliklər, problemlər var”.

Digər Xəbərlər
Xəbər Lenti