
"Zirə" mövsümün ikinci yarısına qələbə ilə başladı.
Doğma meydanda "Sumqayıt"ı qəbul edən paytaxt klubu sonda 3:1 hesablı qələbəyə sevindi.
Uğurda etdiyi iki asistlə böyük pay sahibi olan fransalı hücumçu Hamidu Keyta Sportinfo.az-a müsahibə verib.
- İlk hissəni məğlub bitirdiyiniz oyundan qələbə ilə ayrılmağı necə bacardınız?
- Bəli, ilk hissədə oyun bir az çətin keçdi. Rəqibə asan fürsət verdik, amma ikinci hissədə oyunu geri qaytara bildik. Düşünürəm ki, matça daha çox konsentrə olaraq işimizi gördük və 3 xalı qazandıq.
- Bəs fasilədə baş məşqçinin xüsusi tapşırığı oldumu?
- Paltardəyişmə otağında məşqçi sakit idi. Bizə inandığını bildirərək özümüzə də inam verdi.
- 2 asistlə yadda qaldığını nəzərə alsaq, səni qarşılaşmanın adamı adlandıra bilərik?
- Yox, mən oyunun adamı deyiləm. Düşünürəm ki, hamı yaxşı oynadı. Hətta sonradan meydana daxil olan oyunçular da çox kömək etdilər. Biz hamımız oyunun adamlarıyıq
- Oyunun gedişində bir qədər əsəbi görünürdün. Rəqiblər sənə qarşı çox kobud çıxış edir?
- Kollektiv səhvdən sonra asan qol buraxdığımız üçün bir az əsəbi idim. Rəqiblərlə mübahisəm isə anlaşılandı. Bu, mənim oyun tərzimlə bağlıdır. Mən tez-tez dueldə oluram. Bu da futbolun bir hissəsidir.
XANOĞLAN İMANOV