"Honda ilə bağlı xüsusi tapşırıq almadım - Bəlkə də mənə güzəşt elədi"

12 Aprel 2021 20:20 Müsahibə 1 257
"Honda ilə bağlı xüsusi tapşırıq almadım - Bəlkə də mənə güzəşt elədi"

"Qəbələ" - "Neftçi" oyunu gərgin mübarizə ilə bərabər, həm də mübahisələrə yol açan hakim qərarları ilə yadda qaldı.

Müzakirə olunan epizodların demək olar hamısın iştirakçısı olan "Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev Sportinfo.az-a müsahibə verib

- "Neftçi" ilə gərgin keçən oyun 2-2 bərabərliklə başa çatdı. Ümumiyyətlə, öncədən də belə mübarizə olacağını gözləyirdin?

- Meydana 3 xal üçün çıxmışdıq. Həm "Neftçi", həm də biz ötən turda məğlub olmuşduq. Çətin oyun olacağını bilirdik. "Neftçi" komplektləşmiş heyətə sahibdir. Həm güclü yerli, həm də əcnəbi futbolçuları var.

- İki dəfə hesabda önə çıxsanız da qələbə hesabını qorumaq mümkün olmadı. Buna nə mane oldu?

- Oyunu qələbə ilə başa vurmaq istəyirdik. İki dəfə hesabda önə çıxsaq da qoruya bilmədik. Açıq futbol gedirdi. Hər iki komanda hücum futbolu oynadı. Hər iki tərəf də hər qol vura bilərdi. Məncə, əsas səbəb budur.

- Uzun müddətdən sonra rəsmi oyunda meydana çıxdın. Öz çıxışını necə qiymətləndirirsən?

- Zədəmə görə uzun müddət idi oynamırdım. Şükürlər olsun indi yaxşıyam. Məşqçilər korpusu və rəhbərlik sağ olsunlar ki, oynamağıma imkan yaratdılar. Bu müddətdə hər tərəfli mənə dəstək oldular. Çempionatın ab-havasına bələdəm. Əvvəldə bir qədər çətin oldu. Məşqlərdə özümü yaxşı göstərə bilsəm, inanıram ki, baş məşqçimiz davamlı şans verəcək. Özümdən çox şey asılıdır. Layiq olsam oynayacam, olmasam ehtiyatda qalacam.

- Oyun ərzində bir neçə müzakirələrə yol açan epizodlar oldu. Və demək olar həmin mübarizələrin hamısının iştirakçısı olmusan. Bu qədər mübariz və aqressiv oyunun nə ilə bağlıydı?

- Düzdü, bununla razıyam. Həqiqətən də arqessiv oyun gedirdi. Uzun müddətdir oynamırdım. Yəqin ki, buna görə oyuna daha çox aqressiv çıxmışam (gülür).

- Əksəriyyət ən azı iki epizodda sənə qırmızı vərəqə verilməli olduğunu düşünür. Bəs özün bu haqda nə düşünürsən?

- Futbol birinci ağıl, sonra isə güc oyunudur. Hakimlik haqqında danışmaq istəmirəm. Hami bilir ki, Əliyar Ağayev işini yaxşı bilən hakimlərimizdən biridir. Davamlı avrokuboklarda oyun idarə edir. Bəlkə də mənə güzəşt elədi. Digər tərəfdən isə məncə, hər xırda cəriməyə görə qırmızı vərəqə verilməsi doğru deyil. Toqquşmalar oyun ərzində hər iki tərəfdən də olurdu. Hər epizoda sarı və ya qırmızı verilsə, meydanda oyunçu qalmaz (gülür). Futbol da bir qədər sərtliyi sevir.

- Emin Mahmudova sarı vərəqə verilən epizod daha çox çək-çevir edilir. Epizodun iştirakçısı kimi orada penal olduğunu düşünürsən, yoxsa əksini?

- Emin Mahmudov ağıllı hərəkət edib ayağını topa atdı. Penal olmasın deyə, mən ayağımı yığdım. Kamerada elə görsənir ki, penal var. Amma yoxdu deyənlər də var. Dəqiq nəsə demək olmaz.

- "Neftçi"nin heyətində Honda kimi məşhur futbolçu çıxış edirdi. Mövqeyin elədir ki, tez-tez üz-üzə gəlirdiniz. Yaponiyalı futbolçu sizə problem yarada bildimi?

- Honda rəqibə problem yaradacaq futbolçudur. Böyük klublarda oynayıb. Çalışırdıq ki, üzü qapıya tərəfə bizimlə təkbətək qalmasın. Baş məşqçimizin Honda ilə bağlı xüsusi tapşırığı olmamışdı. Rəqibin adına baxmadan öz futbolumuzu oynadıq. Tək Honda yox, elə digər futbolçularla bərabər Samir Abasov gözəl kollektiv formalaşdırıb.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti