"Millidə özümü göstərib, adlı-sanlı məşqçi olmaq istəyirəm"

27 Fevral 2020 17:56 Milli komanda 1 107
"Millidə özümü göstərib, adlı-sanlı məşqçi olmaq istəyirəm"

«AFFA rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm ki, mənə belə bir etimad göstərdilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-16 yığmasının məşqçisi Hüseyn Məhəmmədov deyib.

Ötənlərin tanınmış qapıçısı yeni iş yerində həvəslə çalışacağını bildirib. Vaxtilə iddialı klubların formasını geyinən, millinin "çərçivə"sini qoruyan, son bir neçə ildə məşqçi kimi özünü isbatlayan Məhəmmədov fəaliyyəti ilə federasiyanın inamını doğruldacağını söyləyib:

"Millidə işləmək istənilən məşqçi üçün qürurvericidir. Sevinirəm ki, mənə də bu imkanı yaratdılar. Özüm necə futbol oynamışamsa, elə də iş görməyə çalışmışam.

Vaxtilə müxtəlif klublarda, millidə çıxış etmişəm. O ab-hava mənə tanışdır. Futbolçu karyeram uğurlu olub və düşünürəm ki, futbolda yaxşı bir iz buraxmışam.

İndi də məşqçi olaraq özümü göstərmək, yığmada iz buraxmaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm. «Neftçi»də işlədiyim vaxt bir neçə qapıçı yetişdirib, millilərə vermişəm.

Bu gün də boş oturmuram, daim axtarışdayam. Bilirsiz yəqin, qapıçı sarıdan yığmada bir az qıtlıq var. Heç kim gəlib mənə deməyəcək ki, filan qapıçı var.

Gərək özüm axtarıb tapım, üzə çıxarım. Bu yaxınlarda rayonlara gedəcəm. Eşitmişəm Tovuzda yaxşı bir istedadlı uşaq var.

Onun oyununa gedib baxacam. Biliyimdən, təcrübəmdən istifadə edəcəm, imkanım çatan qədər çalışacam ki, yenə milliyə layiqli qapıçılar yetişdirim. Mən də istəyirəm ki, öz işimlə nəyi bacardığımı göstərim, adlı-sanlı qapıçı məşqçisinə çevriləm.

Maliyyə şərtləri? AFFA rəhbərliyi ilə görüşdə bu məsələyə toxunmadım. Elə birbaşa kontraktımı bağladım. Artıq yığmanın baş məşqçisi Aqil Nəbiyevlə görüşüb, gələcək planlarla bağlı söhbət etmişik.

İnanıram ki, Aqil müəllimlə əl-ələ verib, yığmada uğur qazanacağıq. Komandanın martda seleksiya xarakterli toplanışı planlaşdırılıb. 7-8 yoxlama oyunu keçirəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti