Meza Kollini milliləşdirmək qanunsuzdur: AFFA saxtakarlıq edərmi?

24 Fevral 2020 17:52 Milli komanda 891
Meza Kollini milliləşdirmək qanunsuzdur: AFFA saxtakarlıq edərmi?

Sezar Meza Kollinin milliləşdirilməsi məsələsinə FIFA-nın razılıq verməyəcəyi dəqiqdi. Sadəcə, AFFA paraqvaylı yarımmüdafiəçiyə tələsik milli pasport düzəltmək istəyir. Sonra beynəlxalq qurum buna razılaşmayanda isə artıq geri addım atılmayacaq, nəsə bəhanə gətiriləcək. Əsas məqsəd “Keşlə”nin bu futbolçudan yerli kimi istifadə etməsidi, milli komanda sadəcə, vasitə kimi istifadə olunur.

O da var ki, bizimkilər FIFA-nı aldadar. Beynəlxalq qurum belə məsələlərdə çox da dərinə getmir, yalnız hansısa şikayət, etiraz olduğu halda ciddi araşdırma aparır. İndiki halda, AFFA-nın təqdim etdiyi materiallara baxaraq, Sezara “yaşıl işıq” yandırmaları mümkündü.

Əvvəla, Meza Kollinin 5 ili çoxdan tamam olub. İndi onun bir neçə günə ehtiyacının olduğu haqda deyilənlər yalandı. Vətəndaşlıq almaq üçün 5 il fasiləsiz Azərbaycanda yaşamaq lazımdı. Sezar ötən il Rumıniyada oynadığından hansısa müddəti gözləmək lazım deyil. Paraqvaylı bu müddəti 2013-18-ci illərdə doldurub. AFFA həmin zamana görə FIFA-ya müraciət ünvanlayıb və baş məşqçinin təyinatına kimi bu məsələni yekunlaşdırmaq istəyir. Çünki yeni çalışdırıcının onu istəməməsi mümkündü, amma “Keşlə”ni sevindirmək üçün tələsmək lazımdı.

İş ondadı ki, Meza Kollini 2013-18-ci illərə görə də milliləşdirmək olmaz. O, ardıcıl 5 ili ölkəmizdə keçirməyib, tələbləri pozub.

1991-ci il oktyabrın 5-də Paraqvayda doğulan futbolçu İtaliya pasportuna malikdi. Və bəri başdan deyək ki, o, milliləşdiriləndə də İtaliya vətəndaşlığından imtina etməyəcək. Bizimkilər ona saxta sənəd verəcək. Bu, geniş mövzudu, ayrı yazı kimi işlənməsinə ehtiyac var. Hazırda yığmamızda oynayan, amma başqa ölkə vətəndaşı olduğu üçün ölkəmizdə qeydiyyata düşə bilməyən onlarla əcnəbi var. Bizdə ikili vətəndaşlığa icazə verilmədiyindən, həmin şəxslər isə öz ölkələrindən imtina etmədiyindən belə vəziyyət yaranıb.

Sezarın karyerası İtaliyada başlayıb. O, 2010-12 ci illərdə “Çezena”nın əvəzedici heyətinin üzvü olub, daha sonra İspaniya “Alaves”inə icarəyə verilib. Aşağı dəstə klublarında az oynasa da, ispan klubunda 4 qol vurub. Sonra İtaliyaya qayıdıb və “Pavia”da qısa müddət – 2013-ün ilk yarısında çıxış edib.

2013-ün yayında Meza Kollinin Azərbaycan karyerası başlayıb. 2016-ya kimi “İnter”in (indiki “Keşlə”) formasını geyən yarımmüdafiəçi 2016-17 mövsümünü “Zirə”də keçirib, 2017-18-də “Keşlə” forması geyib. 2018-in yayında Rumıniya “Universitatya Krayova”sına gedən paraqvaylı burada möhkəmlənməyib və indi “Keşlə”də icarədədi. Biz də onun Rumıniyaya gedənə kimi olan karyerasını araşdırmalıyıq – 5 il həmin vaxt tamamlanıb, sonrakı dövrün önəmi yoxdu.

Sezar Azərbaycanda ilk oyununa 2013-cü il sentyabrın 12-də çıxıb. 2014-ün 14 martına kimi müntəzəm oynayan Meza Kolli ondan sonra itkin düşüb və bir də 2015-in 30 yanvarında meydana çıxıb. 22 may 2015-də “Qarabağ”a qarşı görüşdə 15 dəqiqə “İnter”in formasını tərlədən paraqvaylı yenə yaz və payızda gözə dəyməyib. Bir də 2016-nın yanvarında Azərbaycan çempionatında forma geyən Sezar 15 mayda son matçını keçirib. Yayda “Zirə”yə keçən futbolçu 2016-cı il sentyabrın 25-də debüt edib, 2017-cu il aprelin 29-a kimi müntəzəm oynayıb. Bundan sonra o, yenə yoxa çıxıb, Azərbaycanda olmayıb və 2018-ci il fevralın 11-də “Keşlə”də ilk oyununu keçirib. 2018-ci il mayın 28-də Azərbaycan kubokunu qazanan Meza Kolli yayda avrokubok matçlarından sonra (19 iyul) Rumıniyaya yollanmaqla ölkəmizdəki ardıcıl çıxışını yekunlaşdırıb. 2019-cu ilin mayına kimi “Universitatya”da görünüb və avqustdan yenə “Keşlə”nin düşərgəsindədi.

Bu illərdə Meza Kollinin Azırbaycanda olmadığı günləri hesablamaqla hər şeyi aşkara çıxara bilərik. Onun ölkədən çıxış və gəliş tarixi, yaşama müddəti araşdırılmalıdı. Ümumi dövrü hesablamaq lazım deyil, söhbət müntəzəm, ardıcıl yaşamaqdan gedir. 2018-in yayında Rumıniyaya yollanmaqla FIFA-nın qanunundakı “fasiləsiz” ifadəsi bitir, bundan sonrakı dönəmi hesablamağa dəyməz.

FIFA Nizamnaməsində aşkar yazılır:

Məsələn, Meza Kolli və ya başqa biri Azərbaycanda millisində oynamaq hüququ almaq üçün…

– …Azərbaycanda anadan olmalıdı

– …bioloji atası və ya anası Azərbaycanda anadan olmalıdı

– …babası və ya nənəsi Azərbaycanda anadan olmalıdı

– …18 yaşı tamam olduqdan sonra FASİLƏSİZ OLARAQ ən azı 5 il Azərbaycanda yaşamalıdı

Paraqvayda doğulan, ölkəmizlə bağlılığı olmayan Meza Kolli məsələsində ancaq sonuncu bənd keçərlilik qazana bilər ki, burada fərqli məqam ortaya çıxır.

Fasiləsiz ən azı 5 il yaşamaq nə deməkdi?

Meza Kolli Azərbaycanda oynadığı (yaşadığı yox) ardıcıl 5 mövsüm (2013-2018) ərzində klubsuz olduğu və Azərbaycanda olmadığı zamanlar da olub. Məsələn, 2016/17 mövsümünün sonunda “Zirə”dən ayrılan paraqvaylı ölkəmizə bir də 2018-in yanvarında qayıdıb. Eləcə də 2015-in martında “İnter”də zədələndiyinə görə uzun müddət müalicə olunub və 2015-in yanvarına kimi futbolsuz qalıb. Yuxaridaki qeydlərdə/statistikada digər nümunələr də var.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə nəzər salaq:

III Bölmə/Fəsil 8/Maddə 52-nin “Qeyd”i olaraq açıq-aydın izah olunur. Orada yazılır ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilə bilər ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın. Amma Sezarda bu tələb dəfələrlə pozulub. O, 2014, 2015 və 2017-ci illərin payızında ölkəmizdə olmayıb. Yalnız 2014-də müqaviləylə “İnter”ə məxsus olub, zədəsli olduğundan meydana çıxmayıb. Digər illərdə isə Meza Kollinin ölkəmizlə hər hansı bağlılığına da rast gəlmirik. Bu səbəbdən onun həmin 6 ay/180 gün ərzində ölkəmizdə yaşaması, 90 gün keçirməsi absurddu. AFFA, klub və ya meneceri əksini iddia edirsə, buyurub, miqrasiya xidmətindən müvafiq arayış təqdim etməlidilər. Oyunçunun ölkəyə giriş-çıxışı vaxtlarına baxmaqla bunu müəyyən etmək mümkündü.

FIFA-nın Nizamnamısində “fasiləsiz” ifadəsinin açması verilmədiyi üçün yerli qanunvericiliyin tələbi əsas götürülməlidi. Ukrayna millisində Junior Moraeslə bağlı problem ortaya çıxanda məhz belə olmuşdu. Ölkə qanunvericiliyində tələb fərqlidi, orada ölkə daxilində olmadıqda da günlər futbolçu üçün hesablanır. Belə ki, Çində icarədə olduğu vaxt futbolçu üçün ezamiyyət dövrü kimi hesablanmışdı. Moraes Ukrayna klubuna məxsus olduğundan və Çin klubuna icarəyə verildiyindən o, Ukraynada yaşamış hesab olundu. Portuqaliya tərəfinin iddiası bu səbəbdən geri çevrildi.

Meza Kollidə isə belə durum yoxdu. O, yalnız 2014-ün payızında zədəli olduğundan meydana çıxmadı və “İnter”lə müqaviləsi davam edirdi. Qalan vaxtlarda isə Sezar Azərbaycanda olmadığı dövrdə nə icarəyə verilib, nə də kiminləsə müqaviləsi olub. Belədə onun ölkəmizdə olduğunu iddia etmək belə mümkünsüzdü. Təkrar edirik: iddia edirlərsə, miqrasiya xidmətindən müvafiq sənədləri təqdim etməlidilər, ölkəyə giriş-çıxış tarixləri orada əksini tapmalı və günlər hesablanmalıdı.

Bütün bunları həm də ona görə qeyd edirik ki, sənədlərdə qanunsuzluq etmək sonradan problem yarada bilər, şikayət əsasında Meza Kollinin oynadığı matçlara görə millimiz texniki məğlubiyyətlə cəzalandırılar. Eyni səbəbdən klubun da başı ağriya bilər.

Hətta milliləşdirmə qanunidirsə, bu səviyyədə oyunçunu milliləşdirməyə dəyməz. 6-7 il ərzində 100 oyun həddinə çatmayan birinə nə gərək var? Bundan başqa, Sezar “Keşlə”də icarə əsasında çıxış edir. Millinin oyunlarının olmadığı bir dövrdə onu milliləşdirmək, yığma oyunçusuna çevirmək qiymətini qaldırmaq yəqin ki, yalnız menecerinə lazımdı.

FƏRİD

Digər Xəbərlər
Xəbər Lenti