
Milli sabah tarixinin ən əhəmiyyətli matçına çıxacaq.
Millətlər Liqasının qrup mərhələsi çərçiəvsində son 90 dəqiqə Priştinada oynanılacaq.
Kosovanı evində liderlik postundan uzaqlaşdırsaq, bir güllə ilə iki dovşan vurmuş olacağıq. Qrup birincisi kimi pley-offa yüksəlməklə yanaşı, növbəti sezondan bir üst diviziona vəsiqə qazanacağıq.
Bunu hər bir azərbaycanlı istər. Başının üzərində 3 rəngli bayrağımızın dalğalanmasından fəxr hissi keçirən vətəndaş yenə də Qurban Qurbanovdan, onun etimad göstərdiyi futbolçulardan möcüzə gözləyir.
Kosovo 2-3 ilə bütün Avropanı silkələyəcək futbolçu apotensialına malikdi. Yaxın gələcəyin bir neçə ulduzu bu kiçik Balkan ölkəsindən çıxacaq.
Hələlik isə keçid mərhələsindədilər və bizi yalnız sonuncu amil ümidləndirir. Yoxsa ki, Kosovadan nəyimiz üstündü? Cırtdan respublikada yetişən futbolçuların qitədə ayaq basmadığı torpaq qalmayıb.
İtaliya, Almaniya, İngiltərə… Buralarda da qəbul görürlər. Və millimiz başdan-başa səviyyəli çempionatlarda forma geyinən legionerlərdən qurulmuş Kosovanı öz meydanında məğlub etməlidi…
Bu, istək və arzudu. Əmbə, AFFA-nın baş katibi Elxan Məmmədov Qurban Qurbanova ultimatum verir.
“Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədi.
Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq. Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdi.
Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdi. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır”.
Fareri qazandıq. 2:0-la bütün ümidlərimizi son tura saxladıq. Qurbanova nota verən Məmmədovun «artıq risk etmək olmaz, əvvəlki matçlarda bunu etdik» cümləsi birbaşa baş məşqçinin səlahiyyətindəki işlərə qarışmaqdı.
Baş katibin mirzələrinin fikrincə, farerlərlə səfərdəki qarşılaşmadan evə ağır yol səyahəti yalnız qələbə eyforiyası şəraitində keçdi. Əks təqdirdə, Malta ilə qarşılaşmada meydanda fəal və rəqib qapısı ağzında asılı qalmaqdan bir fayda olardı.
Bütün oyun boyu rəqibin sağ cinahı bərbadkən komandanın nə üçün daim burdan təzyiq etməli olduğunu görməməsini anlamaq olmadı. Oyundakı asmalı, aşırmalı ötürmələrin mənası nə idi? Qarşılaşmada millimizin neçə kombinasiyalı, mənalı, məntiqli hücumunu gördüz?
Bu komandanın əsl skandinav ruhunu haraan mənimsədiyini də anlamaq çətindi. Ən asan yolu seçərək, rəqibin cərimə meydançasına saysız-hesabsız asma, aşırma, diaqonal və paralel zərbəli ötürmələr, zərbə cəhdlərinin cəmi biri hədəfə tuş gəlirsə, bunun günahını, sadəcə, oyunçularda da axtarmağa dəyməz.
Ümumiyyətlə, komandanın bu mərhələdə nə bir quruculuğunu görürük, nə bir oyununu. Qurban Qurbanov milliyə strateji vəzifələri müəyyən etmədən gəldiyini oyundan oyuna göstərir.
Ən yaxşıları, sayılıb-seçilənləri, bir araya gətirməklə iş bitmir. Millinin sükançısı daim iş başında olmalıdı. Milliyə hər bir namizədin oyunundakı inkişafı onun klubundakı məhsuldar, fəal və yüksəlişli oyunu ilə qiymətləndirilməli, onun potensialındakı, arsenalındakı hər üstün və zəif cəhətləri çözülməlidi.
Elə buna görə də millinin sükançısının işi klubdan çox fərqlidi. Qurban Qurbanov daimi köməkçiləri ilə birlikdə çempionatı, bütün futbolumuzu, üstəlik, azsaylı legionerlərin klublarını və yarışlarını da daim təhlil etmək imkanı səviyyəsində mənimsəməlidi. Bu isə sükançıdan böyük hünər, həm də geniş imkanlara malik bir məşqçi korpusu qurmağı tələb eləyir.
Elxan Məmmədov hər yerə getməsə də, hər yerdən və hər şeydən xəbərdardır. O, çox gözəl bilir və anlayır ki, Qurban Qurbanov milliyə necə həssas və məsuliyyətlə yanaşır,
Görür ki, «Qarabağ»dakı işlərinin çoxluğuna baxmayaraq, ölkənin əsas yığmasını 1 dəqiqə də olsun, diqqətdən kənarda qoymur.
Əslində, «Qarabağ»ın cari avrokuboklar mövsümünə qeyri-sabit start verməsinin və Avropa Liqasının qrup mərhələsinə zor-bəla vəsiqə qazanmasının səbəbi də onun millini daha çox nəzərə almasıdı.
Yığma üzvlərinin oyun praktikası qazanması naminə çox vaxt legionerləri ehtiyata atır, taktiki planda dəyişiklik edir. O, sırf «Qarabağ»ın maraqlarını ələ alsaydı, bu ilin qış və yay transfer bazarında əksər yerli kadrları ilə vidalaşardı.
Baş katibin məhz milli üçün bu qədər fədakarlıq edən Qurbanovla indi belə sərt tonda danışması böyük səhvdi.
Qətiyyən haqqı çatmır ki, Azərbaycanın ən yaxşı mütəxəssisinə yol göstərsin. Siz axı futbol üçün nə etmisiz? Nə xidmətləriniz var? Geydirmə və pespektivsiz layihələrdən, milyonları küçəyə səpələməkdən başqa nə ilə yadda qalmısız?
Qurban Qurbanov Farer adaları ilə oyundan sonra mətbuat konfransında çox əsəbi görüntüləndi. Çəkdiyi iztirabı yorğun üz cizgiləri arasında yox etməyə çalışsa da, hiss olundu ki, baş katibin söylədikləri daxilən onu üzüb, məyus edib.
E.Məmmədovun «soyuq müharibə»dən belə tez açıq savaşa keçməsi, görünür, baş məşqçinin özüyçün də gözlənilməz olub. Axı baş katib «pambıqla baş kəsmək» ixtisasına mükəmməl yiyələnmiş biri olaraq tanınıb.
Tipi ingilisdi, adamı üz-üzə süngüləməz. Ötən 1 ildə AFFA-nın «milli qanadı» üzərindəki hakimiyyətini büsbütün itirən E.Məmmədov bu müddətdə elə ağlagəlməz manevrlər edib, elə yollara əl atıb ki, bunlara yalnız Qurbanov sədr eləyə bilərdi və bildi. Bir dəfə çıxıb qarşılaşdığı olaylardan KİV-ə şikayətlənsə, rezonansı ölkə hüdudlarını aşacaq,
Rəsmi Bakının Qurbanov personasına marağı yetərincə böyükdü. Baş katibdən narazılığını duysalar, AFFA-nı nələrin gözlədiyini bir anlıq fərz edin.
E.Məmmədov özlüyündə hardasa arxayındı ki, milli ətrafında nə «oyun» oynasa da, Qurbanov mənzərəni ictimailəşdirməyəcək, ən yaxşı halda, özünə qapanacaq. Bu, əsl insana aid keyfiyyətdi.
Baş katib son bəyanatı ilə sübut etdi ki, onu Qurbanovun, daha ayrıntılı söyləsək, millinin müvəffəqiyyəti maraqlandırmır. Yenə də özünün və postunun qayğısına qalır, futbol təsərrüfatını tamamilə monopoliyası altına keçirmək naminə saman altından və üstündən su yeritmək siyasətinə sadiqdi.
Məmmədov neyəyir Qurbanov kimi məşqçini? Onun üçün «qurban»lar olsun, «qurbanlar» kəsilsin. İnsanları «rosxod»a versin, amma özünün «rosxod»u olmasın. Millinin güclü mənəvi dəstəyə ehtiyacı indidi.
E.Məmmədov bunu dəqiq bildiyi halda, riskdən, qrup liderliyi ilə də kifayətlənməyib, pley-off oyunlarından söz açırsa və bunu da ehtiyatlı tərzdə deyil, xəbərdarlıq formasında ictimaiyyətin diqqətinə çatdırırsa, bu, artıq fikirlərinin arxasında gizlətdiyi xain planların vulkan püskürməsidi.
Gözlənilməz haldı. Neyçün ki, o, səbr döyüşündə ilk dəfədi ki, uduzur. Tamah dişi, nəfs və hikkəsi heç vaxt olmyan qədər dimlomatiyasına güc gəldiyindən.
Xəzər Hikmət