Qurban hocanın məhz bu sevgini qoruması lazımdı

31 Yanvar 2018 14:12 Milli komanda 650
Qurban hocanın məhz bu sevgini qoruması lazımdı

Qurban Qurbanovun millidəki ilk oyunu oyun olaraq da, nəticə olaraq da gözlənilən oldu.

Göründü ki, Hoca hələ "Qarabağ" ab-havasından çıxa bilməyib, ordakı futbolu bura tətbiq etmək istəyir.

Oyun tərzi, yerdəyişmələr, əvəzetmələr də bunu göstərirdi. Ancaq bir çox məqamlar, faktorları ya nəzərə almamışdı, ya da görür, bilərəkdən israrını davam etdirirdi.

Startı çox sayda "Qarabağ"lı ilə başlaması məntiqli, düzgün addım idi. Bildiyi, çox yaxşı tanıdığı, bələd olduğu adamlara güvənib, digərlərinə də "üslub"u nümayiş etdirdi. İdeya qəbul olunsa da, icraat axsadı.

Klassik "xətlərarası əlaqədə problem vardı" cümləsi məhz bu oyun üçün uyğun gəlirdi. Xüsusilə də birinci hissədə yarımmüdafiə ilə müdafiə bir-birini anlayana qədər qapımızda az qala iki top görəcəkdik.

Millidən daha hücumameylli, pressinq dolu oyun gözləsək də, olmadı, alınmadı. Cinahlar işin öhdəsindən gəlsə də, mərkəz konkret axsadı. Rahid bir-iki epizodu çıxmaq şərtilə yalnız oyun korlamaqla yadda qaldı.

Qurbanov onu kapitanlıq və yaşına görə, hörmət əlaməti kimi birinci hissədə və ya fasilədə əvəzləmədi.

Bununla yanaşı, bəzi futbolçular Qurbanovun tələb etdiyi mövqe və ya oyun adamı deyil, bunu da oyun ərzində rahat sezdik. Məsələn, Mədətovun mövqeyini, cinahını bir neçə dəfə dəyişdi, necə deyərlər, hər cür yoxladı.

Ruslan Qurbanovu məcbur oynatdı, verdiyi tapşırığa əməl etməsi uzun çəkdi, hətta deyərdim alınmadı deyə, əvəzlədi. Cavid Hüseynov da yad cisim kimi idi meydanda.

Hər şey pis də deyil. Abbas Hüseynovu kəşf etmiş olduq, sürətinə, əzminə, yüksək potensialına şahidlik etdik.

Ruslan Abışov əla oynadı, təcrübəsindən yenə söz etdirdi. Paşayev, Qarayev, Ağayev gözlənilən etibarlı oyunu nümayiş etdirdilər. Komanda bir komanda olaraq vahid orqanizm olmağa çalışdı. Çalışdı, ümumilikdə pis də alınmadı.

İlk cəhd üçün yaxşıdı. Səhvlər də var, olacaq da. Əsas odu ki, uzun fasilədən sonra milliyə əsl milli gözüylə, "özümüzünkü" kimi baxırdıq, narahat deyildik, içimizdə saf sevgi vardı.

Qurban hocanın məhz bu sevgini qoruması lazımdı. Bu olduqca, nəticə də gələcək.

Kənan Məstəliyev

Digər Xəbərlər
Xəbər Lenti