Başqanın Puzzo ailəsi ilə dostluğu “Qarabağ”ı tanınmış klubla tərəfdaş etdi

13:40 Qarabağ 203
Başqanın Puzzo ailəsi ilə dostluğu “Qarabağ”ı tanınmış klubla tərəfdaş etdi

“Qarabağ”ın İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud olan münasibətləri strateji tərəfdaşlığa çevrilir.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır.

Əməkdaşlığın ilkin mərhələsi kimi əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.

Razılaşmaya əsasən, “Qarabağ” Akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək.

Bu addım gənc futbolçuların Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Başqanın Puzzo ailəsi ilə dostluğu

Bu mühüm əməkdaşlığın qurulmasında klubun prezidenti Tahir Gözəlin şəxsi təşəbbüsü və yanaşmaları xüsusi rol oynayıb. Tahir bəyin “Udineze” klubuna sahiblik edən Puzzo ailəsi ilə dostluq münasibətləri bu strateji tərəfdaşlığın təməlini qoyub.

Gözəlin klubun gələcəyi ilə bağlı planları, gənclərin inkişafına verdiyi önəm və “Qarabağ”ın beynəlxalq imicini gücləndirmək istiqamətində atdığı addımlar bu əməkdaşlığı mümkün edib.

Əməli əməkdaşlığa əsas liqalarda olduğu kimi, aşağı yaş qrupları üzrə liqalarda da yay fasiləsinin başlaması ilə əlaqədar yeni mövsümün əvvəlindən start veriləcək və akademiyanın üzvləri İtaliyaya yollanacaqlar.

İki klub arasındakı əlaqələr yalnız akademiya səviyyəsində məhdudlaşmayacaq. Gələcəkdə məşqçilərin və klub funksionerlərinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif departamentlər üzrə təcrübə paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Digər Xəbərlər
Xəbər Lenti