Azərbaycan futbolunun ümid yeri - Bu nəsildən nə gözləməyə dəyər?

20:40 Milli komanda 142
Azərbaycan futbolunun ümid yeri - Bu nəsildən nə gözləməyə dəyər?

Azərbaycanın U-20 milli komandası növbəti yoxlama görüşünü keçirdi.

Gənclərimiz Qəbələ şəhər stadionunda Yaponiyadan olan həmyaşıdları ilə üz-üzə gələrək meydanı qalib tərk etdi.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmadı.

Xüsussən ikinci hissədə Yaponiya millisi bir neçə real qol imkanı yaratsa da, müdafiə xəttimiz və qapıçımız inamlı oyun nümayiş etdirərək rəqibə fərqlənməyə imkan vermədi.

Tərəflərin razılığına əsasən qalib penaltilər seriyasında müəyyənləşdi ki, burada daha dəqiq oynayan Azərbaycan millisi rəqibini üstələyərək qələbəyə sevindi.

Oyunu izləyən azərbaycanlı jurnalistlər olaraq, bu komandanın çıxışı ilə bağlı müəyyən mənada müsbət qənaətə gəlmək mümkün idi. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan U-20-si xoş gələcək vəd edən nəsil təsiri bağışlayır.

Əsas millidən və U-21 yığmasından fərqli olaraq, bu yaş qrupunda olan futbolçular taktiki baxımdan daha hazırlıqlı, sürətli və meydanda daha düzgün qərarlar qəbul edən futbolçu təsir bağışlayırlar.

Üstəlik, qarşılarındakı rəqibin Yaponiya olduğunu nəzərə almaq lazımdır. Yaponlar kifayət qədər güclü komandadır və gələn il ölkəmizdə keçiriləcək dünya çempionatında favoritlərdən biri hesab olunur.

Belə rəqib qarşısında Azərbaycan millisinin öz oyunu ilə inam yaratması xüsusi qeyd olunmalıdır.

Əlbəttə, komandada müəyyən çatışmazlıqlar var. Lakin qarşıdakı 1 il ərzində həmin problemlərin üzərində işləməklə onları aradan qaldırmaq mümkündür.

Portuqaliyalı baş məşqçi Rui Jorjenin işi də artıq özünü göstərir.

Komanda topla oynamağa, kombinasiyalar qurmağa, zonalar üzrə mübarizə aparmağa çalışır. Meydanda müəyyən oyun üslubunun formalaşdığı hiss olunur.

Əgər bu futbolçular qarşıdakı müddətdə fərdi və taktiki keyfiyyətlərini daha da inkişaf etdirə bilsələr, Premyer Liqa komandalarında ara-sıra şans qazansalar, Azərbaycan U-20-si həm dünya çempionatında uğurlu çıxış edə, həm də yaxın 3-5 il ərzində əsas millinin aparıcı üzvlərinə çevrilə bilər.

Hələlik isə bu komandanın gələcəyinə ümidlə baxmaq üçün kifayət qədər əsas var.

Rahatlaşmaq yox, daha çox işləmək, inkişaf etmək və özünəinamı artırmaq lazımdır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti