
Kiyev “Dinamo”sunun əfsanəvi futbolçusu və məşqçisi Yozef Sabo Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə keçirdiyi oyunu sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, 85 yaşlı mütəxəssis vaxtilə çalışdırdığı Ukrayna millisinin sıx müdafiə olunan Azərbaycan seçməsi qarşısında aciz olduğunu deyib.
O, komandalarının növbəti turda İslandiyaya uduzacağını proqnozlaşdırıb:
“Futbolçular təkbətək mübarizələrdə rəqibi aldatmağın nə olduğunu bilmirlər. Bundan artığını göstərə bilmirlər.
Zərbə yoxdur, yalnız topu soldan-sağa, sağdan-sola ötürürlər. Bəs sonra? Sürət yox, ötürmə yox, driblinq yox, zərbələr yox…
Biz necə qalib gəlmək istəyirik, nəyin hesabına? Ötürmə var, amma davamı yoxdur.
Azərbaycanla oyun göstərdi ki, zərbəsiz futbol futbol deyil. Bakıdakı matçda futbolçuları nəyi gözləyirdilər?
Qarşıda uda bilmədiyimiz komandaya 5 qol vuran, Fransa ilə başabaş mübarizə aparan İslandiya var. Orada da məğlub olacağıq. Bizim yığmamız budur”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.