.jpg)
Azərbaycan millisi nəhayət, yerli azarkeşlərin üzünü güldürdü – qələbə ilə olmasa da, Ukrayna kimi güclü rəqiblə heç-heçə ilə.
Milli komandamız dünən Ayxan Abbasovun rəhbərliyi altında ilk oyunundaca xarakter nümayiş etdirdi.
Bəli, məhz xarakter! Dünən yığma komandamızın oyununda ən çox önə çıxarılmalı məqam məhz bu özəllik idi. Meydana çıxmış futbolçuların əksəriyyəti meydanda can qoydu.
Dünən milli komandamızın heyətində ən çox fərqlənənlərdən biri də yığmada ilk matçını keçirən Abdulla Xaybulayev idi.
24 yaşlı yarımmüdafiəçi orta xətdə Emin Mahmudovla əla tandem təşkil eləmişdi. İşin maraqlı tərəfi odur ki, oyundan cəmi bir gün öncə milliyə baş məşqçi təyinatı aldıqdan dərhal sonra Abdulla Xaybulayevi və Rüstəm Əhmədzadəni yığma komandanın düşərgəsinə çağırdı.
Ayxan Abbasov kimi Abdulla Xaybulayev də milliyə son anda qoşulsa da, meydanda sərgilədiyi oyun, mübarizə ilə müsbət mənada diqqətləri üzərinə çəkdi. Bu, bir daha Ayxan Abbasovun ölkə çempionatına nə qədər yaxşı bələd olduğunu göstərdi.
Bir neçə kəlmə də Abdulla Xaybulayev barədə. Əslən Dağıstandan olan futbolçu “Sabah”ın tapıntılarındandır.
18 yaşından “Sabah”ın üzvü olan Abdulla, bir ara icarə əsasında Gürcüstanda, “Samtredia” klubunda legioner həyatı da yaşayıb.
U-21 millimizdə 4 oyun keçirmiş Xaybulayev “Sabah”ın əsas heyət üzvlərindən olub.
Bir ara oyunu birmənalı qarşılanmayan, hətta “Sabah”a layiq olmadığı önə sürülərək tənqid hədəfinə çevrilən, soyadı məsxərəyə qoyulan Abdulla, dünənki oyunu ilə bir çoxuna cavab vermiş oldu.
Təkcə oyunu ilə yox, həm də meydanda can qoymaqla.
OSMAN