Allah qorusun… 26 il əvvəl və bu gün - Dəyişən iki şey var

8 Sentyabr 16:40 Milli komanda 313
Allah qorusun… 26 il əvvəl və bu gün - Dəyişən iki şey var

25 mart, 1999-cu il. Gimaraynş.

Portuqaliya U-21 – Azərbaycan U-21 – 5:0.

5 sentyabr, 2025-ci il, Barseluş.

Portuqaliya U-21 – Azərbaycan U-21 – 5:0.

Dəyişən iki şey var, biri oyunun keçirildiyi şəhərdir, digəri tarix.

Aradan 26 il keçib. Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət komandası 20-ci əsrdə də darmadağın olurdu, bu gün də.

Bəlkə də əksəriyyətiniz o dövrdə anadan olmamışdınız, ya da futbolla maraqlanmaq yaşına çatmamışdınız. Amma mütləq ki, xatırlayanlar var.

AFFA-ya Fuad Musayevin rəhbərlik etdiyi dövr idi. Müstəqillik yeni qazanılmışdı, futbola dövlət səviyyəsində maraq o deyildi. İşğal olunmuş toprpaqların qayğısı ilə yaşayırdıq. Futbolçular asfaltın üstündə məşq edir, geyinməyə düz-əməlli fotma tapmır, səfərə bir qarnı ac, bir qarnı tox yollanırdı. Rəqibin oyunlarını təhlil etmək üçün imkan yox idi.

Geridə qalan 26 ildə Azərbaycan futboluna dövlət səviyyəsində qayğı birə-beş artıb, AFFA-nın illik xərcləri illik 20-30 milyon manat arasında dəyişir. saysız stadionlar tikilib, təlim-məşq toplanışların sayı itirib, futbolçuların rahatlığı üçün hər cür şərait yaradılıb. Artıq cibləri boş, qarınları ac deyil. Hər şey dəyişib. Hər şey.

Bəs, nəticə niyə həminkidir? Bu qədər imkan və şəraitin qarşılığında futbolçuların ustalıq səviyyəsi niyə artmayıb?

Deyim?

Çünki inkişaf planı qurulmayıb.

Çünki milyonların parçalanması ön planda dayanıb.

Çünki futbolun başında futbolu bilən yox, futbola şəxsi maraqları güdənlər əyləşib.

Çünki klubların başı azərbaycanlı futbolçuları yetişdirməyə yox, avrokuboklara vəsiqə qazanmağa, ya da elitadakı yeri qorumağa qarışıb.

Çünki futbolun inkişafı heç kimə lazım olmayıb.

“Çünki”ləri saymaqla qurtaran deyil.

Futbolda köklü dəyişiklər edilmədikcə, ya da baxış bucağı dəyişmədikcə “döyülməkdə” davam edəcəyik.

Allah bizi 26 il sonradan qorusun.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM