
Azərbaycan komandası DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Ukraynanı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, yığmamızın hücumçusu Mahir Emreli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bizi ağır oyun gözləyir. Ukrayna yığması haqda çox danışmağa ehtiyac yoxdur. Gücü bəlli olan rəqibə qarşı oynayacağıq. Usta futbolçuları var. Onlar da bura yüksək motivasiya ilə gəliblər. İlk oyunda uduzsalar da, istəyəcəklər ki, yaxşı nəticə qazansınlar. Biz də ən yaxşısını etməyə çalışacağıq. İslandiya məğlubiyyətini xalqımıza unutdurmaq istəyirik. Bu məğlubiyyət hər futbolçuya təsir edir, sonrakı oyuna hazırlıq prosesinə mane olur. Amma belə hallar baş verir. Dünənki matçlarda qeydə alınan nəticələri gördüz. Qısa müddətdə 2-3 oyun oynayanda, psixoloji cəhətdən tez bərpa olmaq lazıdmır.
- Santuş getdi, problem bitdi?
- Futbolda fərdi səhvlər, fərdi problemlər olmur. Hər kəs məsuliyyəti qəbul etməlidir. Tərifi və tənqidi qəbul etməliyik. Düşünürəm ki, idmanda pis zamanlar olur. Biz də neçə matçdır ki, yaxşı nəticələr qazanmırıq. Bu, hər futbolçunun üzərində təzyiq yaradır. Uşaqlar həm nəticələrlə, həm də təzyiqlə mübarizə aparırlar. Hər işdə belədir. Düşünürəm ki, bir az yaxşı nəticə qazansaq, üzərimizdəki təzyiqi azaldar və komanda yoldaşlarım bir az rahatlaşa bilərlər.
- Sabahkı oyunda bir az yaxşı nəticə nədir?
- İslandiyaya uduzmaq... Millidə oynadığım müddətdə 2 dəfə belə halla rastlaşmışam. Heç bir şəkildə oyun göstərə bilmirdik. Bunlar İsveç və İslandiya ilə səfərdəki oyunlardır. Macarıstanla Bakıda yaxşı mübarizə aparmışdıq. Sonda uduzduq. Bunda hardasa rəqibin ustalığı rol oynayır. Onların keyfiyyətli bizdən daha çoxdur. Bu da başadüşüləndir. Ən azından yaxşı futbol göstərib, həm azarkeşlərə, həm də sizlərə xoş əhval-ruhiyyə bəxş etməyə çalışacağıq. Biri var elə uduzmaq, biri də var oyun başlamamış uduzmaq. Bu da qəbuledilməzdir.