Millidə baş verən hadisələri "Sportinfo"ya danışdı: "Tənqidlərə dözmək olurdu, amma..."

17:00 Milli komanda 230
Millidə baş verən hadisələri "Sportinfo"ya danışdı: "Tənqidlərə dözmək olurdu, amma..."

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə ağır məğlubiyyətlə start verdi.

Fernandu Santuşun yetirmələri səfərdə İslandiyaya darmadağın oldu - 0:5.

Qarşıdan isə Ukrayna ilə növbəti matç gəlir.

Yığmamızın tarixində buna bənzər hadisə az olmayıb.

Amma birini xüsusi vurğulamaq yerinə düşər.

Qayıdaq 2007-ci ilə...

Həmin ilin 24 mart tarixində ölkənin bir nömrəli komandası Avropa Çempionatının seçmə mərhələsinə Polşada aldığı eyni hesablı (0:5) yenilgi ilə başlamışdı.

Lakin 4 gün sonra Bakıda heyətində Sami Hyuppa və Yari Litmanen kimi məşhur aldarın yer aldığı Finlandiyaya şok məğlubiyyət (1:0) yaşadaraq bir növ Polşa faciəsini unutdura bilmişdi.

Maraqlıdır, eyni qəhrəmanlığı bugünkü kollektiv də edə bilər? Ümumiyyətlə, bunun üçün nə lazımdır?

Elə bu suala cavab tapmaq üçün həmin dövrdə yığma komandanın baş məşqçisi Şahin Diniyevlə danışdıq.

Təcrübəli mütəxəssis Polşada aldıqları ağır məğlubiyyətdən sonrakı 4 gündə nələr çəkdiyini, komandanı Finlandiya ilə görüşə necə hazırladığını bizimlə bölüşdü:

"Məni 18 il əvvələ qaytardın... Tam oxşar situasiyadır. Həm hesablar (0:5) bənzərdi, həm də oyunlar arasında gün sayı. Sadəcə rəqiblər fərqlidir. Komandaların gücləri də bir-birinə yaxındır. Yari Litmanenin yer aldığı Finlandiya indiki Ukrayna ilə demək olar eyni səviyyədə idi. Polşa və İslandiya yığmasını da eyni gücdə hesab etmək olar. Həm rəqiblərin gücü, həm hesablar vəziyyəti birə-bir eyniləşdirir.

Açığı, mən burada kiməsə məsləhət vermək istəmirəm. Özü də Santuş kimi təcrübəli mütəxəssisə (açıqlama Fernandu Santuşun istefasından öncə alınıb). Sadəcə siz soruşursunuz həmin 3 gündə nələr etdiniz ki, komanda meydana çıxıb Finlandiyanı uddu?

Həqiqətən, çox ağır idi. Komanda meydanda tək qalmışdı. Tənqidlərə dözmək olardı, amma həm də məşqçi və futbolçuların ünvanına böyük təhqirlər vardı. Bu durumda uşaqları meydana çıxarmaq çətin idi. Yuxu rejimi belə yerində deyildi. Kiminsə yatması müşkülə çevrilmişdi. Beyinlərdə yalnız Polşa məğlubiyyəti idi.

3 gün ərzində oyunçular ilə təkbətək söhbətlər etdim. Bəzən danışığımız saatlarla çəkirdi. Özünə inamı geri qaytarmağa çalışırdıq.

Ən çox tənqidə, təhqirə məruz qalan Emin İmaməliyev olmuşdu. Təbii ki, daha çox onunla söhbət etdim. O zaman gənc yaşlardaydı. Eminə dedim ki, sən böyük futbolçu olacaqsan. Qarşıdakı oyunda səni psixoloji səbəbdən əsas heyətdə buraxmayacam, amma sonradan oyuna daxil olub matçın taleyini həll edəcəksən.

Təbii ki, Emin dediklərimə inanmırdı. Futbolçuların inanmadığını bilirdim, amma cəhdlər etməyə məcburdum.

Həqiqətən Emin həmin günün qəhrəmanı oldu. Onun vurduğu qol bizə qələbə gətirdi.

Futbolçular ailələrinə, sevdiklərinə və mənə görə meydanda mübarizə apardılar. Oyundan öncəki söhbətlərimizdə də yanlarında mən olmuşdum və ailələri üçün döyüşməli olduqlarını hər birinə demişdim.

Düşünürəm ki, uşaqlara təsir edə bildim. Zəif və güclü nöqtələrini tapdım. Finlandiya qarşısında meydanda tam başqa Azərbaycan millisi vardı.

Azarakeşlərə də minnətdaram. Məsələn, mən azarkeş olsaydım 0:5 məğlubiyyətdən sonra stadiona getməzdim. 30 min tamaşaçının tribunalarda olması komandada qələbəyə ümid yaratmışdı.

Eyni şeyi etsək yenə olar? Bunu demək çətindir. Amma o dönəmdə vəziyyət bu cür olmuşdu. Funksional hazırlıq aşağıdır, psixoloji durum pisdir. Sadəcə futbolçuların daxilində olan mübarizə ruhunu oyatmaq lazımdır. Ki, meydançanın hər qarşında mübarizə aparsınlar. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, Ukrayna önündə tam fərqli milli olacaq və hər şey yaxşı sonluqla bitəcək".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti