.jpg)
Millinin İslandiyaya biabırçı hesabla məğlubiyyətinə ümumi qiymət belə oldu – Fernandu Santuş getməlidir!
İndi sizə sual verim.
Tutaq ki, çalışdığınız sahədə Azərbaycanda sizə yer tapılmır. Ya yaşınız ötüb, ya bacarığınız rəhbərləri qane etmir, ya da xarakter olaraq çətin adamsınız.
Və belə bir durumda, məsələn, Qırğızıstandan burada qazandığınızdan 5 dəfə artıq maaş təklif edib, sizinlə 3-4 illik müqavilə bağlayırlar.
Bir müddətdən sonra rəhbər adam, ya da şirkətin müştəriləri getməyimizi istəsə, gedərsinizmi? Əsla!
O boyda pulu qoyub hara gedirsiniz?
Bəhanə taparsınız ki, bəs, mən sizə inanıb bura gəlmişəm, Azərbaycanda o qədər təklifə “yox” demişəm, bundan sonra nə edəcəm, daha nələr-nələr. Təzminatımı ödəyin, gedim.
Qırğızlara xox gəlməyə nə var ki.
İndi biz də Santuş üçün qırğızıq, tacikik, qvineyalıyıq. İşi yox, konkret pulu düşünüb gəldiyi postdan niyə öz xoşu ilə ayrılmalıdır?
Getməli olan adamlar AFFA-nın rəhbər postunda oturub, Santuşun yarıtmaz olacağını bilə-bilə onu futbolumuza calayanlardır.
Vəzifəyə gəldiyi gündən pafoslu açıqlamalar verib, əslində heç bir iş görməyənlərdir. Ölkə futbolunu şəxsi maraqlarına qurban verənlərdir.
Portəgiz çalışdırıcıya söz deməyə cəsarəti çatmayanların futbolumuzu bəladan xilas etməsi absurd və mümkünsüzdür.
Dünən Rövnəq Avdullayev-Elşad Nəsirov-Elxan Məmmədov triosunun yürütdüyü yarıtmaz siyasəti bu gün Rövşən Nəcəf, Elşad Nəsirov, Cahangir Fərəcullayev, Balakişi Qasımov və digərləri uğurla davam etdirir.
Dəyişən sadəcə adlar və əhatələrinə topladığı adamlardır.
Azərbaycan futbolunu xilas etməyin bir yolu var. Bütün milli komandaları Allahın ümidinə buraxıb, diqqəti infrastruktura, uşaq məşqçilərinə və uşaq futboluna ayırıb, 5-10 il gözləmək. Yalnız bu yolla nəyəsə nail ola bilərik.
Ancaq dediyim yol çoxuna sərf etməyəcək, çünki buradakı maliyyə həcmi şəxsi maraqlar üçün “məqsədyönlü inkişafa” kifayət etməyəcək.
Xanımlar və cənablar, düşdüyümüz vəziyyətə görə Santuşu, futbolçunu, uşaq məşqçisini, jurnalisti, azarkeşi qınamağın adı yoxdur.
Son 20 ildə ayrılan milyonların qarşılığında vitrin hələ də boşdursa, günahı rəhbərdə, yəni pul verəndə, ayıranda, xərcləyəndə axtarmaq lazımdır.
Futbolun başına futbolu başından dırnağına qədər bilənlər gəlməyincə, xoş gələcəyə ümid etmək yersizdir.
HƏBİB / SPORTİNFO.AZ