
Azərbaycanın U-21 millisi ilk oyunda məğlub oldu.
AÇ-2027-nin seçmə mərhələsinin ilk matçında Portuqaliya ilə üz-üzə gələn komandamız meydanı 0:5 hesablı yenilgi ilə tərk etdi.
Oyundan sonra Sportinfo.az-a açıqlama verən Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov darmadağını şərh edib:
“Rəqibin gücü bəlli idi. Oyundan əvvəl də demişdim ki, bu matçlar bizim üçün vacibdir.
İlk hissədə taktiki səhv etmədik. Yararnan qol epizodları zamanı daha da inamlı olmalıydıq.. Çünki Portuqaliya kimi komandalara qarşı qol epizodları az olur.
Təəssüf edirəm ki, ikinci hissə başlayan kimi ucuz qol buraxdıq. O qoldan sonra futbolçularımız toparlanmalı idi.
Uşaqların mübarizəsindən narazı deyiləm. Həqiqətən də mübarizə apardılar, epizodlar yaratdılar.
Düzdür, hesab arasındakı fərq böyük oldu. Oyuna baxmayan bəlkə də fikirləşər ki, rahat təslim olmuşuq.
Mənə görə, rahat təslim olmadıq. Ağadadaş Salyanskinin iki imkanı, Edqar Adilxanovun yaratdığı epizod, Rüfət Abbasovun dirəyə vurduğu zərbə…
Portuqaliya ilə səfər görüşündə bu epizodlardan mütləq istifadə etmək lazımdır”.
Yenilgiyə baxmayaaraq, baş məşqçi nikbindir. O, bu komanda ilə daha yaxşı işlər görəcəklərini düşünür:
“Yaxşı məqamlar çoxdur. Bu gün 2006 və 2007-ci il təvəllüdlü futbolçular meydançadadır.
Onlar bizim gələcəyimizdir. Mən gələcəyə nikbin baxıram, ruhdan düşmək istəmirəm.
Onsuz da, bizim istəyimiz bu tsikldə özümüzə yaxın rəqiblərlə görüşlərdə xal qazanmaqdır. İnşallah ki, qazanacağıq.
İşimizə davam edirik. Əsas odur ki, oyun var. Üçüncü toplanışımız idi.
İki yoxlama görüşü və bir rəsmi oyun keçirmişik. Amma bu gün Portuqaliya bizə asan qalib gəlmədi, əziyyət çəkdilər.
Bu komandanın heyətində ulduzlar oynayır. Lakin əsas komandaya getmirlər, bu cür oyunlarda böyümək istəyirlər.
İstənilən halda, komandama inanıram”. Abbasovu narahat edən məqamlardan biri milli üzvlərinim mütəmadi oynamamasıdır:
“İstəyərdik ki, heyətimiz geniş olsun, futbolçularımız daim oynasın. Portuqaliya ilə görüşdə Rüfət Abbasov digərlərindən seçilirdi.
Çünki Premyer Liqada sabit oynayan bir futbolçumuz var, o da Rüfətdir. Amma bunlar bəhanə olmalı deyil.
Bununla mübarizə aparmalıyıq və futbolçular başa düşməlidir ki, öz klublarında əsas heyətdəki yeri uduzmaq olmaz.
Futbolçularıma da dedim, tez bir zamanda bərpa olmalıyıq. Bolqarıstanla oyunumuz var. İşimizə davam edirik”.
HƏBİB